Ankara və Kremldən yeni gərginlik bəyanatı – İranın “ölüm sükutu”

Rəsmi Ankara bəyan edib ki, “5 aprel 2024-cü ildə keçirilməsi planlaşdırılan Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün regionda mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, görüşü yaxından izləyəcəklərini və 5 apreldə atılacaq imzaların region üçün müsbət nəticə verməyəcəyini qeyd edib.

Elə bu bəyanatlardan görünür ki, görüşün sabitlik üçün təhlükə olmasını təkcə Azərbaycan deyil, digər region ölkələri də yaxşı başa düşürlər və buna qarşıdırlar.

Maraqlıdır, İran niyə susur? Bu situasiya onu qane edir?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, regionda təhdidlərin artması, 5 aprel tarixində Aİ, Ermənistan və ABŞ arasında üçtərəfli görüşün keçirilməsi region ölkələrini də narahat edir:

“Misal üçün, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlamalarında Brüssel görüşünün fəsadlarının böyük olacağını, habelə regionda gərginliyi artıracağını qeyd etdi.

Türkiyə də görüşlə bağlı narahatdır. Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu son çıxışında ölkəmizə dəstəyini bildirdi və 5 aprel görüşünün risklərini qeyd etdi.

Bunlara baxmayaraq İranın səssizliyi anlaşılmazdır və diqqət çəkir. Halbuki Qərbin Ermənistanda möhkəmlənməsindən ən çox İran narahat olmalıdır. Yəni regionun problemləri regiondan kənarda müzakirə edilirsə və regiondan kənar ölkələrin müdaxilə imkanları varsa, bundan İran da narahat olmalıdır.

Lakin İran hələ də susqunluğunu pozmur. Bu susqunluq ona dəlalət edir ki, regiona kənar oyunçuların gəlməsi Tehranı razı salır. Bu, qəbuledilməzdir. Ermənistan Brüssel görüşündən sonra aqressiv ritorikasını artıra bilər. Eyni zamanda hazırda sülh, təhlükəsizlik ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən də imtina edə bilər. Bu isə birbaşa yeni qarşıdurmanın, gərginliyin yaranması deməkdir”.

Turan Rzayev
Globalinfo.az