Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti fonunda ABŞ, Rusiya və Çin liderlərinin təmasları beynəlxalq siyasi gündəmin diqqət mərkəzinə çevrilib. Dünyanın üç böyük gücünün maraqlarının kəsişdiyi bu platformada TRIPP layihəsinin (Zəngəzur dəhlizi) müzakirə olunub-olunmayacağı, eləcə də mümkün razılaşmaların Cənubi Qafqazın gələcəyinə təsiri maraq doğurur.
Xüsusilə ABŞ-ın layihə vasitəsilə regionda mövqelərini gücləndirmək cəhdi, Çinin Orta Asiya üzərindən Avropaya uzanan nəqliyyat marşrutlarına marağı və Rusiyanın Cənubi Qafqazda dəyişən geosiyasi mövqeyi bu məsələyə əlavə aktuallıq qazandırır.
Bəs APEC sammitində TRIPP layihəsinin müzakirəsi mümkündürmü? Üç böyük dövlətin liderləri arasında ehtimal razılaşmalar Zəngəzur dəhlizinin reallaşmasını sürətləndirə bilərmi? Bu təmaslar Orta Asiya və Cənubi Qafqazın geosiyasi mənzərəsinə, Azərbaycan–Ermənistan münasibətlərinə və sülh sazişinin imzalanması prosesinə necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Çində keçirilən APEC sammiti və xüsusilə Donald Tramp, Si Cinpin və Vladimir Putinin üçtərəfli görüşü təkcə qlobal güc balansı baxımından deyil, Orta Asiya və Cənubi Qafqazın gələcək geosiyasi konfiqurasiyası baxımından da mühüm əhəmiyyət daşıyır:
“TRİPP layihəsinin APEC-in rəsmi gündəliyində ayrıca müzakirə predmeti olacağına dair hələlik konkret məlumat yoxdur. Lakin böyük dövlətlərin liderlərinin ikitərəfli və üçtərəfli təmaslarında regional nəqliyyat-kommunikasiya xətləri, təhlükəsizlik və iqtisadi maraqların müzakirə olunması istisna deyil.
Zənnimcə, bu görüşün TRİPP layihəsinin reallaşmasına təsiri birbaşa deyil, daha çox geosiyasi və iqtisadi maraqların uzlaşdırılması kontekstində ola bilər. Unutmayaq ki, noyabrın əvvəlində Azərbaycan, ABŞ və Ermənistan arasında layihənin nəqliyyat və elektrik enerjisi istiqamətləri üzrə texniki planlaşdırma qruplarının yaradılması barədə razılıq əldə olunub. Bu isə artıq layihənin siyasi bəyanatlar mərhələsindən praktiki icra mərhələsinə keçdiyini göstərir.

Elçin Mirzəbəyli
Digər tərəfdən, Çin Orta Asiyada ciddi iqtisadi və strateji maraqlara malikdir. ABŞ-ın Cənubi Qafqazda mövqelərini gücləndirməsi, Rusiyanın regiondakı ənənəvi təsir imkanlarının dəyişməsi və Çinin nəqliyyat-logistika strategiyası yeni geosiyasi reallıq formalaşdırır. Üç liderin görüşü bu maraqların uzlaşdırılması baxımından əhəmiyyətli ola bilər.
Azərbaycan–Ermənistan münasibətlərinə gəlincə, düşünürəm ki, sülh prosesinin taleyi artıq yalnız xarici güclərin mövqeyindən asılı deyil. Əsas məsələ tərəflərin əldə olunmuş razılaşmaları konkret addımlarla möhkəmləndirməsi, kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimadın formalaşdırılmasıdır.
TRİPP layihəsi yalnız Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsinin bərpası deyil, həm də Orta Asiyanı Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən strateji layihədir. Bu baxımdan onun reallaşması bütün regionun iqtisadi və siyasi çəkisini artıra bilər. Lakin böyük dövlətlərin geosiyasi rəqabətinin bu prosesi ləngitməsinə imkan verilməməlidir. Regionda sülh və əməkdaşlıq ayrı-ayrı dövlətlərin maraqlarına deyil, ilk növbədə bölgə xalqlarının gələcəyinə xidmət etməlidir”.
Turan Rzayev
Globalinfo.az