Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etməyi planlaşdırır.
“Gələn ay Azərbaycana səfərim olacaq. Bakıya yox. Çünki Hikmət Hacıyev Ermənistana səfər etmişdi, indi mən də getməliyəm”, – Simonyan bildirib.
İrəvan rəsmisinin sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulub.
Daha əvvəl iyun ayında Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilmişdi.
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Simonyanın Azərbaycana gəlməsi Bakı-İrəvan xəttində sülh təmaslarının davam etdirilməsidir:
“Bu təmaslar müxtəlif formalarda həyata keçirilir, lakin Ermənistan Təhlükəsizlik Şurası katibinin birbaşa ölkəmizə gəlişini Prezidentin köməkçisi Hikmət Hacıyevin bu ölkəyə səfərinə adekvat münasibət hesab edə bilərik. Hikmət Hacıyev Ermənistanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmüşdü. Qriqoryanı Simonyan əvəzləsə də, gündəlik dəyişməyib. Bu səfərlər iki ölkənin sülh prosesini birbaşa həyata keçirdiyini təsdiq edir. Əsas məqsəd də sülh prosesinin vacib komponentlərindən olan ictimai-siyasi etimadın formalaşdırılmasıdır.

Asif Nərimanlı
Digər tərəfdən, rəsmilərin qarşılıqlı səfərləri tərəflər arasında detallı müzakirələrə ehtiyacın olduğunu göstərir. Sonuncu dəfə Simonyanla Hacıyev Dublində ayaqüstü söhbət aparıb və Prezident İlham Əliyev də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bu görüşdə liderlər sülh gündəliyindəki məsələlərin praktiki müstəvidə həyata keçirilməsini razılaşdırıblar və görünür, rəsmi şəxslər bu istiqamətdə atılacaq addımları yerlərdə müzakirə etmək niyyətindədir.
Qarşılıqlı səfərlərin reallaşması sülh prosesinin irəliləməsinə töhfə verir”.
Turan Rzayev
Globalinfo.az