“Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VXA) müsahibəsində səsləndirdiyi fikirlər Bakı ilə Hanoy arasında münasibətlərin artıq ənənəvi dostluq əlaqələri çərçivəsindən çıxaraq daha geniş iqtisadi və strateji məzmun qazandığını göstərir. Xüsusilə iki ölkənin fərqli coğrafi mövqeləri, iqtisadi potensialı və beynəlxalq nəqliyyat şəbəkələrindəki imkanları qarşılıqlı əməkdaşlıq üçün geniş perspektivlər açır”.
Bu fikirləri Globalinfo.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, Azərbaycanın Cənubi Qafqazda enerji və logistika mərkəzi kimi mövqeyi, Vyetnamın isə Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən iqtisadiyyatı bu tərəfdaşlığın əsas üstünlüklərindəndir:
“Əslində, Azərbaycan-Vyetnam münasibətlərinin bugünkü mərhələsi uzun illər ərzində formalaşmış siyasi etimadın məntiqi nəticəsidir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərə yeni siyasi çərçivə verib. Prezident İlham Əliyevin hazırkı səfəri və Vyetnam Xəbər Agentliyinə müsahibəsində vurğuladığı məsələlər isə həmin sənədin konkret iqtisadi nəticələrlə zənginləşdirilməsi niyyətini ortaya qoyur. Burada əsas məsələ siyasi dialoqun iqtisadi əməkdaşlıq üçün real imkanlara çevrilməsidir. İqtisadi münasibətlərin genişləndirilməsi üçün ən əlverişli istiqamətlərdən biri enerji sektorudur. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötəməsi müsbət göstərici olsa da, mövcud potensialın daha böyük olduğu aydındır. Azərbaycan neft-qaz sənayesindəki təcrübəsini və SOCAR-ın beynəlxalq fəaliyyət imkanlarını Vyetnamla əməkdaşlıqda istifadə edə bilər. Artıq 2023-cü ildən etibarən Vyetnama 1,1 milyon tondan çox Azərbaycan neftinin tədarük edilməsi bu əməkdaşlığın praktik əsasının mövcudluğunu göstərir. SOCAR və PetroVietnam arasında kəşfiyyat, hasilat, emal, neft-kimya və texniki xidmət sahələrində əməkdaşlığın genişləndirilməsi qarşılıqlı iqtisadi dividendlər yarada bilər. Eyni zamanda, mayeləşdirilmiş təbii qazın tədarükü də perspektivli istiqamətlərdən biridir”.
Politoloq bildirib ki, digər mühüm imkan alternativ enerji sahəsi ilə bağlıdır:
“Vyetnam şirkətlərinin Azərbaycanda günəş və külək enerjisi layihələrinə maraq göstərməsi investisiya əməkdaşlığının yeni istiqamətlərini formalaşdırır. Xüsusilə ROX Group ilə Naxçıvanda günəş elektrik stansiyalarının, Bakı ətrafında isə külək enerjisi layihələrinin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi diqqətəlayiqdir. Bu təşəbbüslərin reallaşması Azərbaycanın yaşıl enerji strategiyasına xarici investisiyaların cəlb edilməsi baxımından da əhəmiyyətlidir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə tərəfdaşlığın ən böyük iqtisadi perspektivlərindən birini təşkil edir. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşməsi Vyetnam məhsullarının Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa bazarlarına çıxarılması üçün əlavə imkanlar yaradır. Eyni zamanda, Vyetnam Azərbaycan şirkətləri üçün ASEAN bazarlarına çıxış platformasına çevrilə bilər. Prezidentin müsahibəsində açıqladığı məlumatlardan aydın olur ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit yükdaşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu dinamika nəqliyyat əməkdaşlığının artıq praktiki nəticələr verməyə başladığını göstərir”.
R.Bayramov qeyd edib ki, əldə olunan arzılaşmaların və iki ölkənin imkanlarının reallaşması üçün isə hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsi, Azərbaycan-Vyetnam Biznes Şurasının aktiv işə başlaması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş üzrə danışıqların yekunlaşdırılması vacibdir:
“Eyni zamanda, biznes forumlarının keçirilməsi, birbaşa şirkətlərarası əlaqələrin yaradılması, logistika xərclərinin optimallaşdırılması və uzunmüddətli enerji müqavilələrinin hazırlanması konkret nəticələrə nail olmaq üçün mühüm addımlar olacaq”.
Ləman İmran
Globalinfo.az