“İran qida məhsulları ilə Azərbaycanda kütləvi zəhərlənmə və ölüm halları yarada bilər” – ŞOK İDDİA

Sosial şəbəkədə biri 7, digəri 4 yaşında olmaqla iki azyaşlının İran istehsalı olan şirniyyatdan eyni anda zəhərlənərək öldüyü barədə məlumat yayılıb.

İrandan Azərbaycana ixrac olunan ərzaq məhsullarının törətdiyi fəsadlar barədə daha əvvəl məlumatlar daxil olub.

Paytaxt Bakı və ölkənin digər bölgələrində İran malları satılan ayrıca mağazalar var. İranla münasibətlərin gərgin olması ilə əlaqədar məsələ xüsusi aktuallıq kəsb edir.

Ölkəmizə daxil olan İran mallarına xüsusi nəzarət necə həyata keçirilir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzunu Globalinfo.az-a şərh edib. Bildirib ki, təmsil etdiyi təşkilat iki ildən artıqdır ki, İran ərzaq mallarının satış şəbəkəsindəki vəziyyət barədə dövlət orqanlarına ardıcıl məlumat verir.

 

AİB sədrinin sözlərinə görə, İrandan Azərbaycana ixrac olunan ərzaq malları milli dildə markalanmır:

““Dövlət dili haqqında” Qanunda, “Yeyinti məhsulları haqqında” Qanunda və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda birmənalı şəkildə göstərilir ki, ölkənin əmtəə bazarında olan bütün mallar xarici dil ilə yanaşı, milli dildə də markalanmalıdır. Bu istehlakçının mal almaq hüququnun tanınmasıdır”.

Ekspert qeyd edib ki, İran mənşəli ərzaq mallarında çox mühüm göstərici olan son yararlıq müddəti də fars dilində qeyd olunur:

“Bu barədə dəfələrlə bütün dövlət orqanlarına müraciət etmişəm, dükanların ünvanlarını göstərmişəm, televiziyada çıxışlarım olub. Dövlətin qanunlarının həyata keçirilməsi üçün təşəbbüs qaldırsam da, müsbət nəticə əldə edə bilməmişik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu yaxınlarda məlumat verdi ki, ölkənin əmtəə bazarlarına daxil olan malların milli dildə markalanması həyata keçiriləcək. Bu məsələ Gürcüstan və Ermənistanda çoxdan həll olunub”.

E.Hüseynov deyib ki, çoxsaylı müraciətlərdən sonra AQTA ərzaq malları satan mağazalarda müəyyən işlər apardı və guya vəziyyəti düzəltdi. Onun iddiasına görə, vəziyyət düzəlməyib: “Mənə dünən xəbər gəldi ki, onlar Azərbaycan dilində markalanmayan qablaşdırılmış qutulardan ərzaq mallarını böyük qutulara boşaldıb satırlar. Yəni yenə də mallar markalanmadan, istehsal tarixi bilinmədən satılır. İran mallarından dəfələrlə zəhərlənmələr olub. Bu haqda xəbərlər mediada yayılıb. Ölkənin əmtəə bazarına gələn malların milli dildə marklalanması üçün ən yuxarı dövlət orqanlarına, hətta İran səfirliyinə də məlumat vermişəm. Təəssüf ki, problem həll olunmayıb. Təbii ki, bu vəziyyət istehlakçıların tədrici zəhərlənməsinə səbəb olar və ya qəfil zəhərlənmə baş verər”.

 

Ekspertin sözlərinə görə, dövlət orqanlarının bununla bağlı qeyri-prinsipial mövqeyi var. Bu barədə gömrük orqanlarına məlumat veriləndə malların markalanması məsələsinin onların səlahiyyətinə aid olmadığını deyirlər:

“Bəzi dövlət orqanlarının işi ürəkaçan deyil, biri digərinin işinə yardımçı olmaq istəmir. Dövlətin bir qanunu pozulanda digər qurumların hamısı gərək sinxron işləsin. Gömrük orqanı malların milli dildə markalanmadığını gördükdə buna cavabdeh olan İqtisadiyyat Nazirliyini ayağa qaldırmır. İstehlakçı hüquqlarını qorumalı olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti demək olar ki, bu sahədə heç bir iş görmür. Söhbət bütün mallardan gedir. Mürəkkəb texniki malların markalanması, avtomobillərin müşahidəedici sənədləri milli dildə deyil. İstehlakçı bilməlidir ki, məhsulu hansı firma buraxıb”.

 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov bildirib ki, İranla Azərbaycan arasında ticarət əlaqələri böyük həcmli      olmasa da qida sahəsində əməkdaşlıq mövcuddur:

“İki ölkənin əməkdaşlığı qarşılıqlı faydalılıq prinsipinə söykənməlidir. Amma son dövrlər İran istehsalı olan məhsullarda belə problemin ortaya çıxması və iki azyaşlının zəhərlənərək ölməsi deməyə əsas verir ki, bu ölkənin Azərbaycana ixrac etdiyi məhsullarn keyfiyyətində problem var.

Görünən odur ki, bu işə nəzarətdə boşluqlar var. Xüsusilə də İranla baş verən proseslərin fonunda ordan keçən ərzaqların yoxlanılmasına çox ciddi ehtiyac yaranıb.  Bu baş verməzsə, qida təhlükəsizliyi ciddi şəkildə pozulur. Bu isə o deməkdir ki, yaxın gələcəkdə İran qida məhsulları ilə kütləvi zəhərlənmə və ölüm halları baş verməsinə səbəb olacaq hərəkətlər edə bilər”.

S.Hümbətov qeyd edib ki, bu gün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyin təminatının bir hisssəsi hesab olunur:

“Bu halda məsuliyyət daha çox Dövlət Gömrük Komitəsi və AQTA-nın üzərinə düşür. Onlar xüsusilə də İrandan gələn məhsullarla ciddi məşğul olmalıdır. Digər tərəfdən, İrandan gələn və problem yaranan məhsulların Azərbaycana daxil olmasının qarşısını almalıyıq. Çünki bu bizim milli təhlükəsizliyimizə ciddi təhdid hesab olunur”.

Mövzu ilə bağlı AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir:

“Ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar keçirilir və laborator müayinələr aparılır. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanunamüvafiq tədbirlər görülür”.

AQTA-dan Globalinfo.az-a bildirilib ki, istehlakçılar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.

Gülnar Səlimova
Globalinfo.az