İran deputatının bu fikri islam dininə ziddir – Açıqlama

Kimsə islamın dəyərlərindən, prinsiplərindən, ehkamlarından üstün ola bilməz. Bu, mötəbər və tanınmış biri olsa belə, dedikləri şəriətə uyğun deyilsə, qəbul edilmir.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov iranlı deputat “İranı qorumaq, İmam Mehdinin həyatını qorumaqdan daha vacibdir” söyləməsinə fikir bildirərkən deyib.

O, bir çox İran rəsmilərinin islam dinindən şəxsi maraqları üçün istifadə etdiyini vurğulayıb:

“Kimliyindən asılı olmayaraq hər kəs dinin tələblərinə, qaydalarına riayət etməlidir! Hətta peyğəmbər və imamlarımız da islamın qayda-qanunlarını əsas tutublar.

Dinin hansısa prinsipini təhrif etməyə, onu başqa məqsədlə yozmağa din icazə vermir. Amma təəssüf ki, biz bəzi hallarda hansısa şəxslərin fikirlərinin, kəlamlarının müqəddəsləşdirildiyini görürük. İslamın inancı odur ki, bəşəriyyəti, insanları, dünyanı, həyatı Allah yaradıb. Allahın buyurduqları bütün şəxsiyyət və qaydalardan üstündür. Bu mənada İran parlamentinin deputatının sözügedən fikri kökündən yanlışdır”.

Zaira Akifqızı
Globalinfo.az