Viktor Hüqunun ölümsüz əsəri “Paris Notre Dame” sadəcə xarici görünüşünə görə cəmiyyətdə sevilməyən Quasimodonun, ictimai stereotiplərə görə həyatı əlindən alınan Esmeraldanın, yaxud hörmətli din adamı kimi tanınsa da, ehtirasına yenik düşən Keşiş Frollonun hekayəsi deyil. Bu əsər XV əsr Fransası timsalında bütün Avropada kilsə-hökumət, cəhalət-maariflik, cəmiyyət-stereotiplər, ədalət anlayışı və maraqlar qarşıdurmasının ən gözəl təzahürüdür. Hüqonun bu ölümsüz əsəri artıq ikinci yüz illiyinə yaxındır hələ də izləyiciləri həyəcanlandıran, zalları dolduran tamaşalardan biri kimi səhnəyə qoyulur.
“Paris Notre Dame” Azərbaycan tamaşaçısını da həyəcanlarından əsərlərdəndir. Ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yaşanan coşğu bunu bir daha sübut etdi.
İzləyicini qarşılayan səhnədə ilk diqqəti çəkən dekorasiyadır. Planlama sanki dünyanın tarixi memarlıq incilərindən olan kilsənin və dövrün Fransasının ab-havasını Bakıya gətirmişdi. Xüsusilə qarışıq kəndirlərlə yuxarıdan asılan zənglər Parisin qaranlıq məbədində Quasimodonun zehni qarmaşasını, kilsədə keçirdiyi illərdə o zənglərlə vəhdətini və səs-küyü film lenti kimi göz önünə gətirirdi. Paris sadəcə səhnədə deyildi, Paris bütün zal idi, səhnə isə Notre Dame rolunu oynayırdı. Aktyorlar Fransa paytaxtının küçələrini zaldakı keçidlərlə əvəzlədi, izləyicinin də rolu vardı: xalq. Lakin sürpriz sonun mesajları gözəl gizlədilmişdi…
Açılış və qaraçılar
Tamaşada səhnəni dolduran, rəng qatan, şübhəsiz, qaraçılardır. Əslində, hər nə qədər əsas obrazların yan fiqurları rolunu oynasalar da, bu əsərdə qaraçılar Paris küçələrindəki vəziyyətin ən mühüm nümayişçiləridir. Onların kostyumları, səhnədə hərəkətləri bu vacib missiyanın haqqını kifayət qədər verirdi. Qaranlıq gecədə şamlar və qara geyimlərdə açılış da bu baxımdan göz doldurur.
Frollo təntənəsi
Bu tamaşada ən diqqətimi çəkən və izləməkdən zövq aldığım detallar isə Frollo və Quasimodonun Esmeraldaya olan duyğularının insan cildində göstərilməsi idi. Esmeraldanın meydanda qaraçılarla rəqsi zamanı Frollo Notre Dame Kilsəsinin divarları arasından onu izləyir. Lakin bu izləmə kənardan sakit görünsə də, əslində, Frollo Esmeraldanı gözləri ilə qucaqlayır, incələyir, onu mühasirəyə alır. Bu səhnədə keşişin duyğularının bir fiqur tərəfindən canlandırılması gözəl idi, sanki Frollonun zehnindəsən və onun yaşadıqlarını hiss edirsən.
Frollonun kilsənin ideallarını qoruması, çap maşınını təhlükə hesab etməsi, Fransa Kralına, hökumətə qarşı çıxması tamaşada xüsusi vurğulanıb. Adətən bu əsərdə izləyicilərə Frollo-Feb-Quasimodo üçlüsünün Esmeraldaya olan arzuları, əsasən də, ehtiras duyğusuna diqqət çəkilir, sujet bu xətt üzrə qurulur. Amma Musiqili Teatrın tamaşasında Hüqonun həqiqi mesajları, yaratdığı Frollo obrazı daha detallı təqdim edilir, o, sadəcə bir ehtiras qurbanı deyil, o, kilsə döyüşçüsüdür. Əsərdə Frollonun çap maşınına baxıb dediyi “Bu, onu öldürəcək” cümləsi Hüqonun insanlara çatdırmaq istədiyi fikri bütün reallığı ilə tamaşaçıya göstərilir. Frollo kitab çapını dəstəkləmir, çünki kitabların kilsəyə olan marağı, inancı kölgədə qoyacağının fərqindədir. Kilsənin möhtəşəm memarlığı, burada yaradılan ab-havanın, rahiblərin dini nitqlərinin, xalq arasında yayılan mövhumatların təsiri kitablardakı cümlələrə yenik düşə bilər. O zaman xalq kilsəyə necə tabe ediləcək? Kilsə bu gücü itirərsə, hökumətə necə təzyiq göstərəcək? Frollonun mübarizəsi dövrün din-hökumət qarşıdurmasının təzahürüdür. Tamaşada onun kralla dialoqu, “Parisdə cadugərlər yoxdur!”, sözünə qışqıraraq “Mənim sayəmdə!” deyə cavab verməsi onun içindəki narahatlıq və ideallarına sadiqliyin təntənəsini ortaya qoydu. Aktyor burada obrazla bütünləşir.
Şübhəsiz, Keşiş Frollonun ən mühüm səhnəsi özü ilə üzləşməsi, içindəki ehtirasa məğlub olduğunu qəbullanmasıdır. Məşhur “Məni məhv etdin” ifasında aktyor Esmeraldaya olan hisslərin onu necə başqa birinə çevirdiyini hər hərəkəti, gözləri, bütün bədəni ilə üsyan edərək tamaşaçıya çatdırır. Onun içində mübarizə apardığı şeytanlar insan cildinə bürünür, hər nə qədər dirənməyə çalışsa da, sonda onlara məğlub olur və Esmeraldaya hücum edir. Mənə görə, əsərin ən həssas və vacib iki nöqtəsindən biri həyatını dinə, ideallarına həsr edən, duyğularını tamamilə silib atan bir keşişin özü ilə üzləşməsi idi. Bunu hiss edərək səhnədə izləmək gecənin şöləni idi.
Quasimodo
Quasimodo Esmeraldaya gözəlləyindən ziyadə mərhəmətinə görə bağlanan yeganə obrazdır. Körpəliyindən tərk edilib, sadəcə Frollodan qayğı görüb, xarici görünüşünə görə insanlar arasına çıxmaqdan qorxur, yeganə dostları kilsədəki heykəllərdir. Lakin hər kəs onu qınayanda, “ata” dediyi keşiş belə üz çevirəndə Esmeralda cəsarət edib ona su verir, müdafiəsinə qalxır. Həyatı boyunca sevginin nə olduğunu bilməyən Notre Dame qozbeli bu duyğu ilə tanış olur. Hətta Esmeralda cadugərlik və qətldə ittiham olunanda həyatını riskə atıb onu qaçırmağa cəsarət edir, kilsəyə gətirir.
Sürpriz sonluq
Əsərin ən möhtəşəm ikinci hadisəsi isə Frollo-Quasimodo üzləşməsidir. Tamaşada bu detala nəinki xüsusi diqqət edilib, hətta sürpriz hazırlanıb. Məni çox təəccübləndirən, lakin təsirində saxlamağı bacaran da bu sonluqdur. Hüqonun Frollosu Quasimodonu böyüdür, oğlu kimi yetişdirir, amma əsas marağı ona nəzarət etmək, idarəsində saxlamaq, sözlərini icra etdirməkdir. Keşiş qozbelə duyğu bəsləmir, onu həqiqətən bir ata kimi sevmir. Tamaşada isə Frollo Quasimodoya əsl qatilin Esmeralda deyil, o olduğunu etiraf edir, aktyorların buradakı paslaşması tamaşaçıda real ata-oğul üzləşməsi təəəsüratı yaradır. Keşiş etdiklərindən peşiman deyil, Esmeraldaya olan hisslərdən xilas olmasının yeganə yolunun onu öldürmək olduğunu düşünür. Quasimodo Frollonun real üzünü, ehtirasa məğlubiyyətini görür, Esmeraldanı xilas etməyə çalışarkən özü yaralanır. Lakin Frolloya “Ata, get. Bu şəhərdən qaç” deyir, nə olursa olsun, onu qaranlıqdan çıxarmağa çalışır. Frollo onun yaraladığını görür və çox pis olur, başında ağlayır, ikinci dəfə qaraçı qıza hücum edəndə isə Quasimodo yenə qarşısını kəsir və bu dəfə hər ikisi ölür. Esmeralda sağ qalır, Quasimodoya “Paris səni unutmayacaq” deyir, görünüşünə görə heç kimin sevmədiyi qozbelin öz sevgisi və mərhəməti uğrunda həyatını itirdiyi vurğulanır. Lakin sadiq oğul kimi. Orjinal sonluğun tamamilə fərqli olması isə hər kəsə bəllidir. Tamaşanın sonu izləyicini heyrətləndirməklə yanaşı, düşündürməyi də bacarır.
Əsərin mühüm xarakterlərindən olan Febin tamaşada olmaması, onun rollarının şair obrazı ilə əvəzlənməsi, Esmeraldanın onu sevməsi də başqa bir sürprizdir.
Nəhayət, Esmeralda
Gözəlliyi dillərə dastan olan Esmeralda insanları sadəcə görünüşü ilə deyil, əsasən cazibəsi, rəqsləri ilə valeh edir. Onu canlandıran aktrisa həqiqətən gözəldir, geyimi, saçları, zərifliyi əsl Esmeraldadır. Lakin onun valehedici rəqsini, göz dolduran, ağılları başdan alan cazibəsini görmək elə də mümkün olmur. Obraz səhnədədir, lakin cazibəsi kölgədə qalır. Məsələn, Frollo-Quasimodo və şairin ona ithafən mahnı oxuduğu səhnədə Esmeraldanın göz alan rəqsini görmək gözəl olardı, lakin burada nisbətən passiv qalır və hərəkətsiz fiqurlarla kifayətlənilir. Rəqs isə sadəcə giriş səhnəsində çox qısa olur.
Qaraçıların kralı obrazı isə o “təlxəklik”, küçələrin hökmdarı hissini səhnədəki hakimiyyəti ilə ortaya qoyur və əsəri həqiqətən yaşayır.
Tamaşa “Notre Dame” əsərinə yeni bir nəfəs, fərqli baxış gətirib.
Ayşən Mustafa
Globalinfo.az