İngiltərədən SEPAH-a ağır zərbə: “İslam Keşikçiləri” ilə bağlı şok qərar hazırlanır

Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (qısa adı SEPAH) rəsmi şəkildə terror qrupu adlandırmağa hazırlaşır. Bu barədə informasiyalar artmaqdadır. Hökumət əleyhinə mitinqlər zamanı yeddi nəfər Britaniya vətəndaşının tutulub həbsxanalara atılması və hətta onların xarici dövlətlərə işləməkdə ittiham edilməsi Londonun bu istiqamətdə fəallığını artırıb. Britaniyanın “Teleqraf” kanalının verdiyi xəbərə görə, məlumatın rəsmi şəkildə təsdiqi həftə içərisində əksini tapacaq. Britaniyanın təhlükəsizlik naziri Tom Tugendhat və daxili işlər naziri Suella Braverman dövlətin bu addımını artıq dəstəkləyib.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ötən həftə Britaniya ilə əlaqəsi olan 7 nəfəri nümayişlərdə iştirak etdiyinə görə həbs edib. Sonradan onları xarici kəşfiyyat orqanlarına işləməkdə günahlandırır. Bu maddə üzrə həbs olunanların əksər hissəsi də birbaşa dar ağacına göndərilir. Britaniya Baş naziri Rişi Sunak bir neçə dəfə İran hakimiyyət orqanlarını ikili vətəndaşlarla münasibətdə zorakı metodlardan əl çəkməyə çağırsa da, reaksiya verən olmayıb.

SEPAH 40 il əvvəl İranda islam inqilabı qalib gələndən dərhal sonra ölkənin islam quruluşunu qorumaq və nizamlı silahlı qüvvələrini balanslaşdırmaq məqsədi ilə yaradılıb. Səkkiz il davam edən İran-İraq müharibəsi zamanı tam hərbi məktəb keçib formalaşan Korpus hazırda İranda aparıcı hərbi, siyasi və iqtisadi qüvvəyə çevrilib, Ali rəhbər Ayətullah Əli Xamenei və bir çox digər yüksək vəzifəli şəxslərlə bu qurumun sıx əlaqələri var.

İİKK-nin (SEPAH) 150 minlik şəxsi heyəti, quru, dəniz və hava qüvvələri var, bu struktur eləcə də İranın strateji silahlarına nəzarət edir.

İİKK-nin nəzarət etdiyi daha bir qurum hərbiləşdirilmiş “Bəsic” Müqavimət Qüvvələridir. Bu qurum ölkə daxilində müxalif qüvvələrin çıxışlarının qarşısını almaqda ciddi qüvvədir. Son bir neçə ayda baş verən nümayişlər zamanı dinc əhaliyə divan tutulmasında “Bəsic”in hərbçiləri daha ciddi fəallıq nümayiş etdirirlər.

İİKK, həmçinin İran iqtisadiyyatının idarəçiliyində mühüm rola malik olan bonyadları – xeyriyyə fondlarını – öz nəzarəti altında saxlayır.

Xarici əməliyyatlara cavabdeh olan Qüds qüvvələri adlı İİKK-nin bölümü müttəfiq hökumət və silahlı qruplara maliyyə, texnologiya, təlim və məsləhət verməklə Yaxın Şərqdəki duruma təsir göstərir. Suriya, İraq, Yəmən Qüds qüvvələrinin əsas fəaliyyət meydanlarıdır.

Bu cür fəaliyyətinə görə xarici hökumət qurumu olan İİKK ABŞ-da “xarici terrorçu təşkilat” olaraq tanınıb. Son hadisələrdən sonra Avropa İttifaqına daxil olan ölkələr də İİKK-nı terror qrupu kimi tanımaq istiqamətində addımlar atacaqları barədə məlumatlar verirdilər. Bu istiqamətdə Böyük Britaniya və Almaniya daha fəal idi. Görünür, London artıq qərarını ciddiləşdirib və yaxın günlərdə bu barədə konkret məlumat yayılacağı şübhəsizdir. Britaniyanın bu addımı digər Avropa ölkələrini də hərəkətə keçirəcək. Belə olarsa, biz 2023-cü ildə dünya terror təşkilatları siyahısına yeni bir qurumun əlavə olunmasına şahidlik edə biləcəyik.

Bəs İİKK-nın (SEPAH-ın) terror qrupları sırasına daxil edilməsi İran üçün hansı nəticələr verəcək?

SEPAH-ın hazırda İranın xarici və daxili siyasətinin idarə olunmasında, hərbi sənayesində, iqtisadiyyatında ciddi nüfuza malik olması bütün siyasi qüvvələr və dövlətlər tərəfindən təsdiq olunur. SEPAH az qala İran İslam Respublikasının simvoluna çevrilib. İranın bir dövlət kimi mövcudluğunu bu təşkilatsız təsəvvür etmək mümkün deyil. Bu qurumun əməkdaşları İranda ictimai-siyasi həyatın bütün təbəqələrinə nəzarət edirlər. Ali dini rəhbər belə bu qurumla münasibətdə ehtiyatlı davranmağa üstünlük verir. Bir çox hallarda daxili və beynəlxalq siyasətdə onun göstərişlərinə uyğun hərəkət edir. Sözün həqiqi mənasında İran İslam rejimi SEPAH-ın alətinə çevrilib. Bu təşkilatı zəiflətmək və ya onun daxili və xarici siyasətdə, ölkə iqtisadiyyatında rolunu azaltmaq istəyənlər çox acınacaqlı tale ilə rastlaşır. Bu qurumun terror təşkilatı siyahısını daxil edilməsi elə İranın özünün terror siyahısına daxil edilməsi anlamına gəlir. Deməli, İran İslam Respublikası İİKK simasında terror təşkilatı olacaq. Buradan da terror təşkilatları ilə edilən münasibətlər elə İranın özünə qarşı tətbiq olunacaq. Terror təşkilatlarına tətbiq olunan tədbirlərin nə qədər ağır və dözülməz olması isə hamıya məlumdur.

Əlimusa İbrahimov, politoloq
Xüsusi olaraq Globalinfo.az üçün