İki məşhur xalq artisti yeni nazir haqda bunları dedi

Adil Kərimlinin mədəniyyət naziri təyin olunması daha əvvəl adı müxtəlif maxinasiyalarda, korrupsiya faktlarında hallanan bu qurumda dəyişikliklərin olacağı ilə bağlı gözləntiləri artırıb. Artıq ictimaiyyətdə bununla bağlı müzakirələr gedir, fikirlər səsləndirilir. Maraqlıdır, məlum təyinatla bağlı sənət adamları, incəsənət nümayəndələri nə düşünürlər?

Globalinfo.az-a danışan Xalq artisti Rasim Balayev yeni nazirlə görüşdən gəldiyini bildirib.

Rasim Balayev

O, nazirin bəzi sənət adamlarını bir araya topladığını qeyd edib:

“Bu dəqiqə Adil Kərimli ilə görüşdən qayıdıram. Təxmini 20 nəfər idik. Bundan öncə gələn nazirlər gəldilər, Azərbaycan kinosu ilə maraqlanmadılar, heç bir addım atmadan yediklərini yedilər, yemədiklərini də yığıb getdilər. Buna görə tutulan tutuldu, tutulmayan da qaldı cəzasız. Yeni nazir isə bizi bir araya toplayıb problemimizin nədən ibarət olduğunu öyrəndi.

Əvvəl “Teatr Formu” keçirilidi, ayın 20-21-də isə “Kino Formu” olacaq. Bizdən Azərbaycan kinosunun yaxşı olması üçün nə edə biləcəyimizi soruşdu. Hiss etdim ki, adam Azərbaycan filmi ilə maraqlanır. Adil Kərimlidən gözləntilərimiz çoxdur. Cavan oğlandır, Azərbaycan mədəniyyətinin inkişaf etməsini istəyir. Ona görə də, adamın doğrudan da bu sahə ilə maraqlandığını hiss edirəm. Yəqin ki, yaxşı olar”.

R.Balayev daha öncə nazirlərin sənət adamları ilə maraqlanmadıqlarını bildirib:

“Bundan əvvəl gələn nazirlər bizimlə qəti maraqlanmırdı. Hətta başqa nazir dostlarım da məndən soruşurdular, “Azərbaycan kinosu niyə bu gündədir?!” Təsəvvür edin, başqa nazir maraqlanırdı, amma mədəniyyət naziri bir dəfə də olsa soruşmurdu”.

Xalq artisti Mübariz Tağıyev yeni təyin olunan nazirin mədəni insan olduğunu vurğulayıb:

Mübariz Tağıyev: “O qadınla heç vaxt yaşaya bilməzdim” - FOTO

Mübariz Tağıyev

“Adil bəyin müəyyən məsələləri həll edə biləcəyinə inanıram. Çünki adam özü də problemlərin olduğunu bilir. İllər boyu həllini tapmadan yığılıb qalan məsələlər var. İlk növbədə qastrol səfərləri həllini tapmalıdır. Toy biznesi ilə məsələ həll olunmur. Sənətçilər də qastrollara getməlidir, pul qazanmalıdırlar, ölkələr arası müqavilələr bağlanmalıdır. Bizdə qastrol bir tək Heydər Əliyev Fondundadır. Lazım olan zaman müəyyən sənətkarları sərhədlərdən kənara çıxara bilirlər. Adil bəyin gəlişinə sevindim. Ondan gözləntilərimiz çoxdur”.

Zaira Akifqızı
Globalinfo.az