İcra başçısına verilən sual aranı qatdı – Ekspertlərdən reaksiya

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və ona sual ünvanlayan jurnalistin dialoqu ilə bağlı müzakirələr davam edir. Müzakirələrdə əsasən media nümayəndələri iştirak edirlər. Bəzi jurnalistlər sualın düzgün tərzdə verilmədiyini, bəziləri isə media nümayəndəsinin ictimaiyyət adına hesabat tələb etmə hüququnun olduğunu qeyd edirlər.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, Arif Əliyev Globalinfo.az-a açıqlamasında jurnalistin sual vermək hüququnun müzakirəyə çıxarılmasının doğru olmadığını deyib:

Reyestrdə daha təhlükəli məqamlar yatır” - Arif Əliyev

“Bu tez-tez rast gəlinən, təkrarlanan bir situasiyadır. Jurnalistin peşə etikası ilə bağlı sənədlərdə bu kimi məsələlər ətraflı şəkildə işlənilib və təqdim edilib. Ola bilsin ki, o, ifadə tərzini bir qədər sərt seçib və bu da müəyyən mübahisəyə səbəb olub. Amma jurnalistin sual vermək, cavab ala bilməyəndə onu təkrarlamaq hüququ şərtsizdir. Bunu mübahisə mövzusina çevirmək isə düzgün deyil”.

Arif Əliyev jurnalistin oxucuya hesabatın ötürülməsində vasitəçi olduğunu bildirib:

“Media nümayəndəsinin bu dialoqda hansısa kobud ifadəyə yer verdiyini düşünmürəm. Əlbəttə, bütün vəzifəli şəxslər dövlət və vətəndaş qarşısında hesabat verməlidirlər. Jurnalist isə bu hesabatın ötürülməsində vasitəçi rolunu oynayır. Müsahibin suala müxtəlif şəkildə cavab vermək hüququ olduğu kimi, jurnalistin də sualını təkrarlamağa haqqı var. Bu tip vəziyyətlərə Qərb mətbuatında da rast gəlinir. Ona görə də peşə etikası komissiyalarında məsələ dəfələrlə müzakirəyə çıxarılıb”.

Qulu Məhərrəmli: Problemləri sosial şəbəkələrdə yox, televiziyada müzakirə etmək lazımdır - 20.02.2021, Sputnik Azərbaycan

Media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, jurnalist istədiyi adama, istədiyi sualı verməlidir, onun suallarına heç bir məhdudiyyət yoxdur:

“Ola bilər ki, jurnalistin ifadələrində yerinə düşməyən sözlər olsun, ola bilər ki, sual bir az emosional şəkildə verilsin. Bütün hallarda ictimai maraq kəsb edən mövzudursa, jurnalist istədiyi sualı verə bilər. Məmurun borcu bu sualı cavablandırmaqdır. Amma məmurun da cavab verməmək hüququnu tanımaq lazımdır. Ona görə də məmurun cavab vermədiyi halda jurnalislərin dirəniş göstərməsi heç də həmişə onların xeyrinə olmur. Həmişə sualı etik çərçivəni gözləməklə vermək lazımdır”.

Professor qeyd edib ki, bu kontekstdə jurnalisti qınamır:

“Jurnalist istədiyi sualı verə bilər və o tamaşaçı, oxucu, auditoriya üçün bu cavabı almalıdır. Doğrudur, jurnalist ard-arda eyni sualı verməkdən və yersiz mübahisədən yayınmalıdır. Suala verilən cavab artıq oxucu-tamaşaçı rəyini formalaşdırır. Yəni jurnalistin çılğın reaksiyasına ehtiyac yoxdur, nəticəni tamaşaçının ixtiyarına buraxmaq lazımdır. Bu halda uduzan məmur olur, jurnalist deyil”.

Ayşən Mustafa
Globalinfo.az