Heç olmasa, bundan sonra bizə yardım etsinlər – Deputat

“Əgər beynəlxalq təşkilatlar Azərbaycana kömək etməsə, bizə ərazilərimizin minadan təmizlənməsinə təxminən 1,5 milyard manatdan çox vəsait lazım olacaq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdə keçirilən ictimai dinləmədə bildirib.

Deputat qeyd edib ki, BMT-nin hesablamalarına görə, 1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara başa gəlir: “Bu, minanın yerləşmə yerindən, mürəkkəbləyindən və s. ibarətdir. Təmizləmə prosesi özü ciddi məsələdir. Hesablamalara görə, ərazilərimizin minadan çirklənməsi ÜDM-in bir il ərzində azı 1 milyard manata yaxın itki ilə üzləşməsi deməkdir. Hətta sülh müqaviləsi imzalasaq da, hər bir minanın partlaması cəmiyyət daxilində sosial və eyni zamanda mənəvi problemlər yaradır. Bu, fəlakət və faciədir. Ermənistan mina xəritələrinin Azərbaycana verilməsini təmin etməlidir. 10-15 il sonra partlayan hər bir mina Azərbaycan və Ermənistan arasında etimad mühitini zədələyəcək”.

T.Mirkişili vurğulayıb ki, beynəlxalq təşkilatlar bu istiqamətdə Azərbaycana yardım etməlidir: “Bizim bu faciələrlə üzləşməyimizin ən böyük günahkarlarından biri də beynəlxalq təşkilatlardır. Onlar vaxtında işğalçı Ermənistanı pisləsəydilər, burada bu məsələni müzakirə etməzdik. Bunun qabağını almayıblar, bizə kömək etməyiblər. Öz gücümüz hesabına torpaqlarımızı işğaldan azad etmişiksə, heç olmasa, bundan sonra problemin həlli üçün bizə yardım etsinlər. Azərbaycanda beynəlxalq təşkilatların rolu cüzidir”.