Hakimiyyət bilgiyə sahib idi, ona görə Türkiyə seçkilərində belə davrandı

Ötən gün Türkiyədə keçirilən prezident və parlament seçkiləri Azərbaycanda da yaxından izlənilib.

Rəsmi Bakı bu seçimlərə niyə bu qədər önəm verir və nədən açıq oynayır?

Kamal Kılıcdaroğlu da hakimiyyətə gələ bilərdi, ehtimal yüksək idi. Hər şeyə rəğmən Azərbaycan sona kimi Rəcəb Tayyib Ərdoğana açıq dəstək verdi.

Globalinfo.az-a danışan Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib ki, istər Azərbaycan hakimiyyətində, istərsə də insanlarda belə bir təsəvvür var ki, Türkiyədə hakimiyyət dəyişilərsə, bunun xarici siyasətə, xüsusən də Azərbaycan və Ermənistanla bağlı siyasətə təsiri ola bilər:

“Azərbaycan hakimiyyəti daha çox Ərdoğana üstünlük verir. Bunun da səbəbləri var. Biz 44 günlük Vətən müharibəsində Türkiyə dövlətin hər tərəfli dəstək gördük. Ərdoğan sonuna kimi Azərbaycanın yanında oldu. Bu siyasət indi də davam edir. Şübhəsiz, burada regional və dövlət maraqlı da rol oynayır”.

H.Oğuz deyib ki, Kılıçdaroğlu hakimiyyətə gəlmiş olsa, siyasətdə müəyyən düzəlişlər edə bilərdi:

“O da Qərbin mövqeyindən asılı idi. Burada FETÖ-nun böyük rolu ola bilərdi. Çünki FETÖ-nun Kılıçdaroğlu cəbhəsində çirkli təsir dayaqları vardı. Görünür, Azərbaycan hökuməti hesab edirdi ki, Kılıçdaroğlunun hakimiyyətə gəlməsi risklər daşıyır. Ona görə də, daha çox üstünlük Ərdoğana verildi. Bunun nə dərəcə doğru, yaxud yanlış olmasını gələcəkdə baş verən hadisələr müəyyən edəcək. Amma hesab edirəm ki, Qərb Kılıçdaroğlunun hakimiyyətə gəlməsində çox da maraqlı deyildi. Onlar Ərdoğana müəyyən təzyiqlər edərək daha çox onu öz tərəflərinə çəkmək istəyirdilər. Bunu da Azərbaycan hökuməti açıq şəkildə görürdü. Kılıçdaroğlunun qurduğu koalisiyanın yaşamaq imkanı yox idi. Çünki hər dərədən bir partiya gətirib o koalisiyanı qurmuşdu. Onun da yeganə məqsədi o idi ki, Ərdoğan hakimiyyətdən getsin, sonra nə olarsa, olsun. Vahid bir proqramları yox idi. Azərbaycan hökuməti bunu gördüyü üçün öz siyasətini daha çox Ərdoğana simpatiya quraraq həyata keçirirdi. Bu, Kılıçdaroğlunun da diqqətini cəlb etmişdi.

O, Azərbaycana bəzi mesajlar verərək, öz etirazını çatdırmışdı. Eyni şəkildə Fatih Portakal adlı jurnalist də öz mövqeyində Azərbaycanı bu siyasətdən geri çəkilməyə çağırmışdı. Bütün hallarda rəsmi Bakı hesab edirdi ki, Ərdoğan hakimiyyətdə qalarsa, Azərbaycanla daha yaxın münasibət quracaq”.

Heydər Oğuz 

H.Oğuz deyib ki, əsas məsələlərdən biri də, yeni gələn hakimiyyətin nə cür siyasət yürüdəcəyidir:

“Yeni prezidentin necə siyasət yürüdəcəyini müəyyən etmək olmazdı. Çünki orada qeyri-müəyyənlik var idi. Amma Ərdoğanla birlikdə 20 ilə yaxın müəyyən siyasətlər həyata keçiriblər, yaxından tanışdırlar, rahat anlaşa bilirlər. Bu da ölkədə Ərdoğanı dəstəkləməyə həvəs yaratdı. Amma Kılıçdaroğlu hakimiyyətə gələrdisə, Azərbaycanla bağlı siyasətini tamamilə dəyişəcəkdi.

Açığı, Türkiyədəki partiyaların hər bir hadisəyə müxtəlif münasibətləri var. Azərbaycanla bağlı ən yaxın münasibətlər daha çox millətçilərə məxsusdur. Mühafizəkarlar daha çox Azərbaycana meyilli bir siyasət yürüdürlər, daha çox dəstəkləyirlər. MHP də Ərdoğanın yanında idi. Amma Kılıçdaroğlunun daha radikal şəkildə bir siyasətinin ortaya çıxacağına inanmıram.

Bəzi fikirlər var ki, Azərbaycan Türkiyədə keçirilən seçkilərə biganə qalsa idi daha ədalətli mövqe tutmuş olardı. Çünki bu, Türkiyənin daxili işidir. Amma görünür, bilmədiyimiz hansısa məsələ var. Hakimiyyət bilgiyə sahib idi deyə bu cür davrandı”.

Zaira Akifqızı
Globalinfo.az