Gürcüstanda “müharibə oyunu” qızışır: Bakının həlledici rolu

Gürcüstanda hökumətin Ukraynada gürcülərin həlak olmasına verdiyi reaksiya ölkənin daxili siyasi mühitində vəziyyəti bir qədər də çətinləşdirib.

Globalinfo.az bildirir ki, könüllülərin ailələrinə uzun müddətdən sonra başsağlığı verən Gürcüstan Baş naziri İrakli Qaribaşvili baş verənlərə görə müxalifəti ittiham edib. O, yenidən özü üçün əsas hədəf kimi Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını seçərək, onu “müharibə partiyası” adlandırıb. Üstəlik, Qaribaşvili məhz bu partiyanın Ukraynaya Gürcüstan vətəndaşlarının daşınması ilə məşğul olduğunu vurğulayıb.

Baş nazir Tiflisin ənənəvi metoduna dönüş edərək, Saakaşvilinin partiyasını 2008-ci il müharibəsində günahlandırıb.

Onun bu çıxışına müxalifətdən cavab gecikməyib. Vahid Milli Hərəkat Partiyası Qaribaşvilinin iddialarının yalan olduğunu bildirərək, onun fəaliyyətini və Ukrayna müharibəsində tutduğu mövqeyini tənqid edib.

Avropa Gürcüstanı Partiyası isə baş naziri gürcü xalqını təhqir etməkdə ittiham edib:

“Onlar Putinin öz hakimiyyətini qorumaq üçün istifadə etdiyi təbliğata o qədər bulaşıblar ki, hətta başsağlığı vermək instinktini də itiriblər. Görünür, bütün komandaya bu məsələdə qadağa mövcuddur. Sonradan gördülər ki, bu onlara ciddi zərər vura bilər. Ona görə də verdikləri başsağlığını özlərinin zəhərli və saxta təbliğatları üçün istifadə etdilər”.

Maraqlı məqam hökumətə qarşı Ukrayna ilə bağlı ittihamların artması fonunda Saakaşvilinin azadlığa buraxılması məsələsinin yenidən aktuallaşmasıdır. Xüsusilə Saakaşvilinin zəhərlənməsi və çəki itirməsinə görə müxalifət prezidentdən onu əfv etməsini istəyib. Hakimiyyətdə isə hələlik səssizlik hökm sürür. Görünən odur ki, Gürcü Arzusunda Saakaşvilinin Gürcüstan siyasətində iştirak etməyəcəyi ilə bağlı vədlərinə baxmayaraq, hələlik ona inanıb-inanmamaqla bağlı qərar verməkdə çətinlik çəkirlər.

Qeyd edək ki, Tiflis-Kiyev münasibətləri Gürcüstanın Rusiya əleyhinə geniş sanksiyalara qoşulmamasından sonra pozulub. Ukrayna Prezidenti Vladimir Zelenski Tiflisi xəyanətdə ittiham edib. Qaribaşvili administrasiyası ilə ittihamlara məhəl qoymayaraq, baş verənləri təxribat adlandırıb. O, Tiflisin bu prosesə cəlbinin Rusiyaya qarşı ikinci cəbhə açmaq anlamına gəldiyini, Gürcüstanın isə bunda iştirak etməyəcəyini bildirib. Məhz hökumətin belə yanaşmasından sonra Qərb ölkələri ilə Tiflisin münasibətləri pozulub. Xüsusilə, Qərb dövlətləri Gürcü Arzusunun himayədarı Bidzina İvanişvili ilə hökuməti təhdid etməyə başlayıb ki, hakimiyyət də buna qarşı əks-kampaniya başladıb. Nəticədə ABŞ-nin ölkədəki səfiri Gürcüstanın bitərəf üç deputatı tərəfindən sərt ittihamlara məruz qalıb və bu da Tiflis-Vaşinqton münasibətlərini zədələyib. Əvəzində Qaribaşvili administrasiyası xüsusilə Bakı və Ankara ilə münasibətlərin daha da yaxşılaşdırılması prosesini sürətləndirib.

İlkin
Globalinfo.az