Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib.
Araşdırmalar davam etdirilir.
***17:03
Gəncədə daha 2 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların 2012-ci il təvəllüdlü Z.Əsədullayeva və 2015-ci il təvəllüdlü N.Rzayeva olduğu qeyd edilir.
Orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
“Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb. Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır”, – deyə prokurorluğun məlumatında bildirilib.
***14:02
Oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Globalinfo.az bildirir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
“Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”, məlumatda deyilir.
***13:55
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Globalinfo.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird – S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib.
Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər. Hazırda şagirdlərə tibbi yardım göstərilir.
İlkin məlumata əsasən, şagirdlər oxuduqları məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləniblər.
Hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, oktyabrın 1-də Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib:
“Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır”.