thumbs b c 472a22c6b5765bf163f3141de9fa2b37

Fransada yuxarı sinif şagirdləri və tələbələr yanacağın qiymətinin artmasına, eləcə də yaşayış xərclərinin bahalaşmasına etiraz olaraq növbəti aksiyalara başlayıblar.

Globalinfo.az “Le Monde” nəşrinə istinadən xəbər verir ki, etirazlar Parisə yaxın ərazilərdə də keçirilir.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkə üzrə ümumilikdə 65 aksiya təşkil olunub və onlarda 15 mindən çox şəxs iştirak edib.

Nümayişçilər “12 milyard avro yeni təyyarədaşıyana deyil, təhsilə”, “Pullar müharibələrə və milyarderlərə deyil, liseylərə” və “Yaşasın tələbə etirazı” şüarları yazılmış plakatlar qaldırıblar.

Etirazlara həmkarlar ittifaqları ilə yanaşı, tələbə və gənclər təşkilatları, həmçinin “sarı jiletlilər” hərəkatının tərəfdarları da qoşulublar.

Bundan əvvəl Fransa hakimiyyətinin planlaşdırılan aksiyalar zamanı təhlükəsizliyi təmin etmək üçün genişmiqyaslı tədbirlər gördüyü bildirilmişdi. Ölkə üzrə ictimai asayişin qorunmasına təxminən 70 min polis və jandarm cəlb edilib.

Hazırkı etirazlar oktyabrın 17-si və 24-də Fransanın bir sıra şəhərlərində keçirilən aksiyaların davamı hesab olunur. Həmin nümayişlər polislə toqquşmalar, dağıntılar və mağazaların qarət edilməsi ilə müşayiət olunmuşdu. Müxtəlif hesablamalara görə, oktyabrın 24-də keçirilən aksiyalarda 800 minədək insan iştirak edib.

Paylaş: