Ankara Baki 1yeni 1

Türkiyədə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edən, dini radikalizm zəminində zorakılığı təşviq edən və digər qanunazidd əməllərə yol verən bir sıra şəxslərlə bağlı ortaya çıxan mənzərə təəccüb doğurur.

Bu ölkədə, xüsusilə də hakimiyyətə yaxın dairələrdə və onlarla əlaqəli media resurslarında qəribə bir kampaniya başlanıb. Məsələnin hüquqi mahiyyətini müzakirə etmək, qanunvericiliyin tələblərindən çıxış etmək əvəzinə, diqqət məqsədli şəkildə başqa istiqamətə yönəldilir. Ortada sanki Azərbaycan Türkiyəyə qarşı hansısa qeyri-adi tələb irəli sürürmüş kimi süni bir gündəm yaradılır.

Ərköyün türk qardaşlarımızın ritorikasına baxanda belə təəssürat yaranır ki, Azərbaycan Türkiyədən hansısa xüsusi imtiyaz, güzəşt və ya kimlərinsə mütləq cəzalandırılmasını nəzərdə tutan siyasi öhdəlik tələb edir. Hətta məsələ elə təqdim olunur ki, guya Bakı Ankara qarşısında şərt qoyur, Türkiyənin daxili işlərinə müdaxilə edir. Halbuki bu iddiaların hüquqi reallıqla heç bir əlaqəsi yoxdur. Görünür, məsələnin mahiyyətini təhrif etmək, ictimai rəyi çaşdırmaq və Azərbaycanın haqlı hüquqi mövqeyini əsassız tələblər kimi qələmə vermək daha sərfəli hesab olunur.

Bəs, əslində, nə baş verib? Həqiqətənmi Ankara qarşısında qanundan kənar hansısa tələb irəli sürülüb, yoxsa söhbət Türkiyənin öz qanunlarına əməl etməsindən, hüquqi öhdəliklərinə münasibətindən gedir?

Reallıq budur ki, Türkiyədə fəaliyyət göstərən bir sıra şəxslər sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə ölkəmizə qarşı dini nifrət və düşmənçiliyi qızışdırmağa yönəlmiş materiallar yayıb, təhqir və təhdidlərə yol verib, eləcə də Azərbaycan dövlətinin konstitusiya quruluşuna qarşı zorakı çağırışlar ediblər. Bu şəxslərin cəzalandırılmasını isə Türkiyənin öz qanunvericiliyi tələb edir, Azərbaycan yox! Belə əməllərlə bağlı qanunvericilikdə nəzərdə tutulan hüquqi prosedurların işə salınması isə nə xüsusi imtiyazdır, nə də Türkiyəyə qarşı irəli sürülmüş hansısa siyasi şərt. Bu, qanunun aliliyinin tələbidir!

Məsələnin mahiyyətini daha yaxşı anlamaq üçün Türkiyənin öz qanunvericiliyinə nəzər salaq. Gəlin görək, Azərbaycanın guya xüsusi tələbi kimi qələmə verilən məsələ Türkiyə qanunları qarşısında nə dərəcədə qeyri-adidir.

Türkiyə Respublikasının 5237 saylı Cinayət Məcəlləsində (Türk Ceza Kanunu – TCK) təhqirə görə cinayət məsuliyyəti, eləcə də xarici dövlət başçılarına qarşı törədilən cinayətlərə dair xüsusi müddəalar nəzərdə tutulub.

Təhqirə görə cinayət məsuliyyəti

  • TCK-nın 125-ci maddəsinin 1-ci bəndi: Şəxsin şərəf və ləyaqətinə xələl gətirə biləcək konkret əməl və ya faktın ona aid edilməsi, yaxud söyüş vasitəsilə onun şərəf və ləyaqətinə hücum edilməsi cinayət məsuliyyəti yaradır. Bu əmələ görə üç aydan iki ilədək azadlıqdan məhrumetmə və ya məhkəmə tərəfindən müəyyən edilən pul cəzası nəzərdə tutulur. Zərərçəkənin iştirakı olmadan törədilən təhqirin cəzalandırılması üçün əməlin ən azı üç şəxsin eşidə və ya öyrənə biləcəyi şəraitdə törədilməsi tələb olunur.
  • TCK-nın 125-ci maddəsinin 2-ci bəndi: Təhqir zərərçəkənə ünvanlanmış səsli, yazılı və ya görüntülü kommunikasiya vasitəsilə törədildikdə də müvafiq məsuliyyət tətbiq olunur.
  • TCK-nın 125-ci maddəsinin 4-cü bəndi: Təhqirin açıq şəkildə, qeyri-məhdud şəxslər dairəsinin görə və ya eşidə biləcəyi şəraitdə törədilməsi cəzanın altıda bir nisbətində artırılmasına əsas verir.

Xarici dövlət başçısına qarşı cinayət

  • TCK-nın 340-cı maddəsi: Xarici dövlətlərdən birinin dövlət başçısına qarşı cinayət törədildikdə təyin olunan cəza səkkizdə bir nisbətində artırılır.
  • TCK-nın 343-cü maddəsi: Müvafiq müddəaların tətbiqi qarşılıqlılıq prinsipindən asılıdır.

Bütün bunlar Türkiyə qanunvericiliyində mövcud olan hüquqi normalardır və sadəcə bu hüquqi normalar icra olunmalıdır.

Belə olan halda, niyə məsələ qəsdən başqa istiqamətə yönəldilir? Niyə hüquqi müstəvidə müzakirə edilməli olan məsələ siyasi şərt, təzyiq və imtiyaz ritorikasına çevrilir? Türkiyənin bəzi media resursları hansı əsasla Azərbaycanı öz müttəfiqindən qanunsuz tələblər irəli sürən tərəf kimi təqdim etməyə çalışırlar?

Əfəndilər, öz qanunlarınıza hörmət edin! Qanunlarınızın icrası bllavasitə Türkiyə hüquq sisteminin özünün tələbidir. Hüquqi prosedurlara əməl olunması isə dövlətlərarası münasibətlərdə hüquqa və qarşılıqlı öhdəliklərə hörmətin ən adi formasıdır.

Əgər Türkiyədə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə və Azərbaycan dövlətinə qarşı təhqir kampaniyaları aparanlara münasibətdə hüquqi mexanizmlər işə salınmırsa, bunun səbəbi cəmiyyətə aydın izah edilməlidir. Hüquqi prosedurların tətbiqindən yayınmaq, üstəlik, məsələnin mahiyyətini təhrif edərək məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışmaq ciddi suallar doğurur.

Türkiyə tərəfi unutmamalıdır ki, söhbət hansısa sıradan siyasi polemikadan, fikir ayrılığından və ya sosial şəbəkə mübahisəsindən getmir. Söhbət Azərbaycanın dövlət suverenliyinə, konstitusiya quruluşuna və təhlükəsizliyinə qarşı yönəlmiş çağırışlardan, Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı sistemli təhqir kampaniyasından gedir. Belə əməllərə göz yummaq, onları görməzdən gəlmək və ya siyasi ritorikanın arxasında gizlətmək qəbuledilməzdir. Hüququn aliliyindən danışan bir dövlət belə məsələlərdə ikili standartlara yol verməməlidir. Əks halda, bu yanaşma təkcə hüquqi prinsiplərə deyil, Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə də ciddi kölgə salacaq.

Burada haqlı olaraq başqa bir sual da ortaya çıxır: Türkiyə hakimiyyəti niyə öz ərazisində fəaliyyət göstərərək başqa bir dövlətin konstitusiya quruluşuna qarşı zorakı çağırışlar edən, dini düşmənçiliyi qızışdıran və həmin dövlətin rəhbərini təhqir edən şəxslərə münasibətdə fərqli mövqe nümayiş etdirir? Qanun hamı üçün qanundursa, bu şəxslər niyə istisna təşkil etməlidir? Türkiyədə Azərbaycan əleyhinə fəaliyyət göstərənlər üçün ayrıca hüquqi toxunulmazlıq zonası yaradılıbmı? Daha açıq desək, bu şəxslərin arxasında kim dayanır? Onların cəzasız qalmasında maraqlı olan qüvvələr hansılardır? Çünki əks halda, Türkiyə hakimiyyətinin öz qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görməsi gözlənilən olardı. Üstəlik, Türkiyənin əvvəlki təcrübəsində belə hallara qarşı hüquqi tədbirlərin görüldüyü də məlumdur. Bəs indi nə dəyişib? Niyə Azərbaycana, onun dövlətçiliyinə qarşı təhqir və düşmənçilik kampaniyası aparanlara münasibətdə fərqli yanaşma sərgilənir? Bu, hansı hüquqi məntiqlə izah oluna bilər?

Belə yanaşma hüququn aliliyi və qanun qarşısında bərabərlik prinsipləri ilə uzlaşmır. Qanunvericiliyin tələbləri siyasi mülahizələrdən, subyektiv münasibətlərdən və ayrı-ayrı şəxslərə qarşı fərqli yanaşmalardan asılı olmamalıdır. Hüquqi normalar bütün şəxslərə eyni qaydada tətbiq edilməli, qanunazidd əməllərə münasibətdə nəzərdə tutulan hüquqi prosedurlar təmin olunmalıdır. Dövlətlərarası münasibətlərdə də hüquqa, suverenliyə və qarşılıqlı hüquqi öhdəliklərə hörmət əsas prinsip olmalıdır. Hüququn aliliyi məhz belə hallarda öz real mahiyyətini göstərir.

Türkiyə tərəfi sadəcə olaraq öz qanunlarına hörmət qoymalı, onları selektiv deyil, hamıya eyni qaydada tətbiq etməli və hüquqi öhdəliklərini yerinə yetirməlidir. Hüququn tələb etdiyi addımları siyasi mülahizələrlə əvəzləmək, sonra da bunu Azərbaycanın xüsusi tələbi kimi təqdim etmək məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil.

E.BABAYEV

Paylaş: