Polşa Prezidenti Karol Navrotski ötən gecə paytaxt Varşavada ölkənin ali məhkəmə orqanlarından biri olan Konstitusiya Tribunalının zorla ələ keçirildiyini açıqlayıb.
Polşanın Konstitusiya Tribunalı – qanunların və digər normativ aktların Konstitusiyaya uyğunluğunu yoxlayan ali konstitusiya nəzarəti orqanıdır. O, həmçinin mərkəzi dövlət orqanlarının səlahiyyətləri barədə mübahisələrə və vətəndaşların konstitusion hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Tribunalın qərarları hamı üçün məcburidir və qətidir. Buna görə də onun tərkibi və rəhbərliyi üzərindəki nəzarət mühüm siyasi əhəmiyyət kəsb edir: məhkəmə parlament və hökumət tərəfindən qəbul edilən qanunları qeyri-konstitusion hesab edə bilər.
Navrotski hüquq qaydasını bərpa etməyə, güc strukturları əməkdaşlarını isə Konstitusiya Tribunalının ərazisini tərk etməyə çağırıb.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, son zamanlar Avropanın müxtəlif ölkələrində aksiyalar davam edir:
“Lakin Polşada baş verənlərin əsas səbəbi etiraz aksiyaları deyil. Belə ki, Tribunalın sədri Bogdan Svięczkovski və sədr müavini Bartołomi Sochanskinin vəzifə səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə qərar açıqlanıb. Tribunalın ən uzun müddət fəaliyyət göstərən hakimlərindən biri Anna Korwin-Piotrowska bu qərardan sonra quruma rəhbərlik etməyə başlayıb. Məhz bu addım siyasi qarşıdurmanın kəskinləşməsinə və məhkəmə binası ətrafında vəziyyətin gərginləşməsinə səbəb olan əsas hadisələrdən biri olub.
Prezident Karol Navrotski Seneqala səfərini yarımçıq dayandırıb. Prezident ölkədə baş verənləri ciddi konstitusion problem kimi qiymətləndirərək geri qayıtmaq qərarı verib. Daha sonra çıxışında Tribunalın zor gücünə ələ keçirildiyini iddia edib, hüquq qaydasının bərpası və güc strukturlarının məhkəmənin ərazisini tərk etməsi üçün çağırış edib.
Əslində, mübahisənin kökləri 2015-ci ilə gedib çıxır. Həmin dövrdə hakimiyyətdə olan Hüquq və Ədalət Partiyasının (PiS) məhkəmə sistemində apardığı dəyişikliklər və Konstitusiya Tribunalına hakim təyinatları ölkə daxilində, eləcə də Avropa İttifaqında ciddi narazılıq yaradıb.
2023-cü ildə Donald Tuskun rəhbərlik etdiyi hökumət hakimiyyətə gəldikdən sonra məhkəmə sistemində islahatların aparılmasını və hüquqi institutların müstəqilliyinin bərpasını prioritet elan edib. Lakin bu proses Prezident və müxalif PiS düşərgəsi ilə ziddiyyətlərə səbəb olub. Xüsusilə hakimlərin təyin olunması və andiçmə proseduru ətrafında yaranan fikir ayrılıqları Konstitusiya Tribunalının fəaliyyətinə birbaşa təsir göstərib”.

Qabil Hüseynli
Politoloq bildirib ki, son gərginliyin əsas iştirakçılarından biri də yeni hakim Maciej Berekdir:
“Parlament tərəfindən Tribunalın tərkibinə seçilən Berekin oktyabrın 14-də and içməsindən sonra məhkəmə binasına daxil olması ətrafında etirazlar yaranıb. O, Tribunalın sədri Bogdan Święczkowski-nin hakimlər otağına keçməsinə fiziki maneə yaratdığını iddia edib və hüquq-mühafizə orqanlarına müraciət edib.
Anna Korwin-Piotrowskanın Tribunal rəhbərliyinin fəaliyyətini dayandırması barədə qərarı ayrıca hüquqi mübahisə yaradır. Bu addımın qanuniliyinə dair yekun qiymət vermək üçün qərarın hüquqi əsasları və tətbiq olunan prosedurlar ətraflı araşdırılmalıdır. Hökumətin hüquqi islahat arqumenti də, Prezidentin hakimiyyətin qəsb edilməsi barədə iddiası da özlüyündə baş verənlərin hüquqi qiymətləndirilməsini əvəz etmir.
Hazırkı vəziyyətdə ölkənin ali konstitusion nəzarət orqanının rəhbərliyi ətrafında paralel legitimlik mübahisəsi yaranıb. Bir tərəf əvvəlki rəhbərliyin səlahiyyətlərinin dayandırılmasını və yeni idarəetmə mexanizmini müdafiə edir, digər tərəf bunu konstitusion quruluşa müdaxilə hesab edir. Bu qarşıdurma küçə etirazlarına, polis müdaxiləsinə və dövlətin ən yüksək siyasi vəzifəli şəxslərinin birbaşa prosesə qoşulmasına gətirib çıxarıb.
Ən ciddi problem isə belə mübahisələrin həlli üçün nəzərdə tutulan hüquqi institutların özlərinin mübahisənin mərkəzinə çevrilməsidir. Konstitusiya Tribunalı dövlət orqanlarının fəaliyyətinin konstitusiyaya uyğunluğuna nəzarət etməli olduğu halda, indi onun öz rəhbərliyinin və hakim tərkibinin legitimliyi sual altındadır”.
Turan Rzayev
Globalinfo.az