aqil abbas mm

Deputat Aqil Abbasın Ağdamda ata evinin ona verilməməsi ilə bağlı Milli Məclisdəki çıxışı məcburi köçkünlərin mənzil təminatı məsələsini gündəmə gətirib. Deputat bildirib ki, 1970-ci ildən Bakıda yaşadığı üçün Ağdamdakı ata evinə qayıda bilmir. Onun sözlərinə görə, bacı-qardaşları da eyni problemlə üzləşirlər.

Onun çıxışına spiker Sahibə Qafarova sərt reaksiya verib. Spiker Aqil Abbası bu məsələni Milli Məclisdə qaldırdığı üçün qınadığını söyləyib.

Bu məsələ təkcə Aqil Abbasın ailəsi ilə məhdudlaşmır. İşğaldan azad edilmiş ərazilərdə doğulub boya-başa çatan, lakin sonradan başqa rayonlarda qeydiyyata düşən və ya həmin rayonların sakinləri ilə ailə quran şəxslər də ata-baba evlərinə qayıtmaq və mənzillə təmin olunmaqla bağlı çətinliklər yaşadıqlarını bildirirlər.

Bəs işğaldan azad edilmiş ərazilərdə mənzil təminatı hansı meyarlar əsasında həyata keçirilir? Şəxsin doğulduğu yer, əvvəlki yaşayış ünvanı və ata evinin həmin ərazidə yerləşməsi nəzərə alınırmı? Başqa rayonda qeydiyyatda olmaq və ya fərqli rayon sakini ilə ailə qurmaq şəxsin ata-baba yurduna qayıtmaq hüququnu məhdudlaşdıra bilərmi?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, bütün bu məsələlər dövlət tərəfindən xüsusi proqram əsasında və qanunvericiliyə uyğun şəkildə tənzimlənməlidir:

“Xatırlayıram ki, 2020-2021-ci illərdə Böyük Qayıdış proqramı çərçivəsində mülkiyyət məsələləri ilə bağlı geniş müzakirələr aparılmışdı. Lakin həmin müzakirələrin yekun nəticələri ictimaiyyətə açıqlanmadı. Bu gün isə dövlət məmurları tərəfindən vətəndaşların faktiki olaraq öz ata-baba evlərinə qayıtmasına maneələr yaradılır. Hətta doğma Şuşamızda, eləcə də işğaldan azad edilmiş digər rayon və kəndlərdə elə evlər var ki, keçmiş sahibləri həmin əraziləri yaddaşlarına əsasən müəyyənləşdirərək ərizə ilə müraciət edirlər. Bildirirlər ki, bu ev onların ata-baba yurdudur və ora qayıtmaq istəyirlər. Dövlətin əlində olan arxiv sənədləri, vətəndaşın fərdi yaşayış evinə dair rəsmi sənədləri və ya mülkiyyət faktını təsdiqləyən məhkəmə qərarı əsasında həmin evin ona məxsus olduğu müəyyənləşdirilirsə, bu qərar mütləq icra olunmalıdır. Axı biz Qarabağı niyə azad etdik? Ona görə ki, həmin ərazilər insanların yaddaşında ata-baba yurdu kimi qalsın və onlar öz doğma torpaqlarına qayıda bilsinlər”.

Vəkil qeyd edib ki, Ağdamın hər hansı kəndində ata evinə qayıda bilməyən şəxs dövlət tərəfindən ona təklif olunan başqa bir evi qəbul etməkdə çətinlik çəkə bilər:

“Çünki insan üçün öz ata-baba yurdunda yaşamaq tamam başqa məsələdir. Digər tərəfdən, yerli sakinlərlə ailə quran şəxslərin məsələsinə fərqli yanaşmaq lazımdır. Tutaq ki, mən Sumqayıtda doğulmuşam, orada yaşamışam və evim olub.

ramil suleymanov 900x600 3

Ramil Süleymanov

Sonradan Lənkəran sakini ilə ailə qurub orada qeydiyyata düşmüşəmsə, bu, o demək deyil ki, gələcəkdə Sumqayıtdakı evimlə bağlı hər hansı dəyişiklik zamanı mənim də razılığım mütləq tələb olunmalıdır”.

R.Süleymanovun fikrincə, burada əsas məsələ əvvəlki yaşayış yeri üzrə qeydiyyatını saxlayan şəxslərlə bağlıdır:

“Əgər insan başqa şəhərdə yaşamağa davam edir və əvvəlki evindən qeydiyyatdan çıxırsa, artıq həmin qeydiyyat əsasında əmlak tələb etmək hüququ məsələsi fərqli qiymətləndirilməlidir. Təklifim ondan ibarətdir ki, ata-baba evlərinə dair vaxtilə sovet dövründə verilmiş orderi, yaşayışla bağlı qeydləri və ya ev kitabçası olan şəxslər həmin sənədlərin əslini təqdim etməklə əvvəllər yaşadıqları evlərə köçmək hüququ əldə etsinlər”.

Ramil Süleymanov insanların ata evinə qayıtmasının qanunla mümkün olduğunu vurğulayıb:

“Ata-baba torpağında olan mənzilə (fərdi yaşayış evinə) ilk növbədə onun adına çıxarış alınmalı, notariusda vərəsəlik işi açılmalıdır. Bundan sonra şəxs vərəsəlik şəhadətnaməsini təqdim etməklə qanunla ona çatmalı olan əmlakı dövlətdən tələb etmək hüququna malikdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: