Fransada kütləvi etiraz aksiyaları keçirilir. 200-dən çox məktəbdə yuxarı sinif şagirdləri etiraz aksiyalarına qoşulub. Parisdə isə bir neçə min yanğınsöndürən maaşların artırılması və xidmətin maliyyələşdirilməsinin gücləndirilməsi tələbi ilə küçələrə çıxıb.
Globalinfo.az xəbər verir ki, bəzi məktəblərdə etirazlar tədris prosesini qismən iflic edib, 40 məktəbdə isə dərslər tamamilə dayandırılıb.
Aksiyalar əsasən paytaxtla yanaşı Qrenobl, Lill, Nitsa və Lion şəhərlərində keçirilir.
İl-de-Fransda yuxarı sinif şagirdləri artıq bir həftədir məktəblərin qarşısında toplaşıblar. Onlar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi hallarda aksiyalar iğtişaşlara çevrilib, yanğınlar törədilib və polis ilə toqquşmalar baş verib.
Eyni vaxtda Parisdə bir neçə min yanğınsöndürən maaşların artırılması, yanğın-xilasetmə xidmətlərinə ayrılan vəsaitin çoxaldılması və əlavə əməkdaşların işə götürülməsini tələb edir.
TASS-ın məlumatına görə, onlar yanğınların söndürülməsi üçün vəsait çatışmazlığından narazıdırlar. Həmkarlar ittifaqları isə xidmət əməkdaşlarının üzərinə düşən yükün artdığını bildirirlər.
Aksiya Parisin cənub-şərqində yerləşən İtaliya meydanından başlayıb. Ölkənin müxtəlif bölgələrindən gələn nümayişçilər qırmızı tüstü fişəngləri yandırıb və sirenlər səsləndiriblər.
Yanğınsöndürənlərin aksiyası Fransada meşə yanğınları ilə müşayiət olunan gərgin yay mövsümündən sonra keçirilir.
Əliyar Xəlil