1030072 src

ABŞ Prezidenti Donald Tramp yaxın iki il yarım ərzində Kubada hakimiyyət dəyişikliyinin baş verə biləcəyini istisna etməyib. O, bu prosesin Venesueladakı ssenari üzrə inkişaf edəcəyinə işarə edib.

Globalinfo.az xəbər verir ki, amerikalı jurnalist Benni Conson müsahibə zamanı Trampdan Kubanın hazırkı rəhbərliyinin nə qədər müddət hakimiyyətdə qalacağını soruşub.

“Düşünürəm ki, bu, uzun çəkməyəcək. Baxın, Kuba iflasa uğramış ölkədir. Biz oranı tərk etmiş insanları çox yaxında geri qaytaracağıq. Venesuelada etdiklərimizə baxın, bu ölkədə hər şey çox yaxşı nəticələnəcək. Əvvəlcə oradakı işi başa çatdıracağıq, sonra başqa məsələ ilə məşğul olacağıq. Venesuelada hər şey əla alındı. Hazırda isə İran adlı ölkə ilə məşğuluq və onu nüvə silahından məhrum edirik”, – deyə Tramp bildirib.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə zərbələr endirib, ölkə Prezidenti Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi ələ keçirərək ölkədən çıxarıb.

Tramp Kubadakı vəziyyəti də yaxından izlədiklərini vurğulayıb. O, ABŞ dövlət katibi Marko Rubionun bu məsələ ilə xüsusi diqqətlə məşğul olduğunu deyib.

“Biz Kubanı çox diqqətlə izləyirik. Marko bu məsələ ilə ciddi məşğul olur. Onun valideynləri Kubadandır. Yaxın iki il yarım ərzində bu məsələni mütləq həll edəcəyik”, – deyə ABŞ Prezidenti vurğulayıb

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: