FETÖ və feminizm haqqında bir neçə kəlmə

Qardaş Türkiyəmiz 2016-cı ildə FETÖ-nun törətdiyi dövlət çevrilişi cəhdinin qarşısını qətiyyətlə aldı.

ABŞ FETÖ üzərindən nəyə nail olmağa çalışırdı? – Aydındır ki, özünə yaxın (və ya loyallığı ilə seçilən) qüvvələri hakimiyyətə gətirmək istəyirdi. O “sevda” baş tutmadı amma ABŞ, ümumən Batı bu ilki Cümhurbaşqanı seçimlərində də açıq-aşkar Ərdoğanın seçilməməsi, hakimiyyətin dəyişməsi üçün ciddi-cəhdlə çalışdı. Doğrudur, Tanrının lütfü, dövlətcanlı, vətəncanlı türk xalqının birliyi sayəsində hər iki cəhd uğursuzluğa düçar oldu amma bu, o demək deyil ki, FETÖ tamamilə sıradan çıxıb və ya daha onun üzərindən başqa hoqqalar düşünülmür. A, B variantları kimi C variantının da uğursuz olması üçün Türkiyə də, Türkiyənin dostları-qardaşları da ayıq-sayıq olmaq durumundadır (məcburiyyətindədir).

Yəni FETÖ-yə qarşı aparılan əməliyyatlar, onların əməllərinin, özlərinin faş olunması və s. terror örgütünü xeyli zəiflətsə də, adıyamanlar hələ müəyyən şəbəkəyə malikdir. Həm Türkiyədə, həm də Türkiyə ilə sıx təmasda olan ölkələrdə belə şəbəkənin mövcudluğu şübhə doğurmur.
Şəbəkənin bizim respublikaya – cəmiyyətə də təsir imkanları olub.

Hətta son günlər FETÖ ilə bağlantıda şübhəli bilinən bəzi şəxslərin həbsinin həmən ardınca ABŞ KİV-lərində müstəqil Azərbaycan Respublikasına qarşı hücumun başlanması təsadüf əsəri sayılmaz. ABŞ-da bəlli dairələr qaşınır, əsəbləşir, lap yumşaq desək, incinir. Belə olunca da ən müxtəlif mövzular yenidən ortaya atılır, fırladılır, sağa-sola çəkilir: “yazıq ermənilər”, “tapdanan insan hüquqları”, “demokratiya”, “cinsi azlıqlar”, feministlər və s…

Feministlərin növbəti təxribatına keçməmişdən öncə vurğulayaq:

Amerikanın yerli xalqlarına divan tutan, Bağdadı bombalayan, İraqı, Əfqanıstanı, Suriyanı (daha haraları…) viran qoyan, FETÖ-yə yiyə duran, işğalçı Ermənistan qarşısında (işğala məruz qalan) Azərbaycana “907-ci düzəliş” misalında sanksiya tətbiq edən, dünyaya ikilistandartların çoxsaylı bəd örnəklərini bəxş edən ABŞ-ın haqdan-hüquqdan danışmağa haqqı varmı, əcaba?

Feminizim də XIX yüzilin sonu – XX yüzilin başlanğıcında dalğalanmağa başlasa da, bir hərəkat olaraq, əsasən XX yüzilin 70-ci illərində ABŞ-da daha kütləvi xarakter alıb.

Bu necə ABŞ, o necə qadın hüquqları uğrunda hərəkatdırsa, 1 milyon azərbaycanlı qaçqın, məcburi köçkünlərin sırasındakı qadınların hüquqularını hələ də görmür…

İndi budur, baxın: özünü Güney Qafqazda “Femenist həmrəylik” və “Femenist sülh” kimi ideyaların dəstəkçisi elan etmiş “Femenist Sülh Kollektivi” (Feminist Peace Collective) platforması “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” başlığı ilə açıqlama yayıb.

Detallara varmağa nə hacət? Mövzu aydındır. – Bakıda vaxtaşırı “feministlər”in iştirakı ilə “fləşmob”lar, müxtəlif cür aksiya keçirilməsi yamanlığını yaxşı xatırlayırıq.

“Femenist Sülh Kollektivi” platformasının erməni tezizləri əsasında Açıqlaması açıqlama deyil, dişi at kimi şiniməkdir, barış adı altında abırsızlıq aktıdır.
O adıyaman “Kollektiv”lə yaxından-uzaqdan işbirliyi içində olan Azərbaycan pasportu daşıyanlar şəhidlərimizin ruhuna, şəhid analarının, şəhid xanımlarının ağ saçlarına sayğısızlıq etmiş olur. El belələrinə “üzünüz qara olsun!” deyir, biz qarğış qarğamasaq da, “ar olsun!” deyirik, təbii.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI