Erməni təxribatı: döyüşlər sülh prosesini ertələdi? – Politoloqdan mesaj

Ermənistan silahlı qüvvələrinin aprelin 11-də törətdiyi təxribatların qarşısı alınsa da, bir sıra suallar aktual olaraq qalır. Azərbaycana ard-arda məğlub olan, hər təxribatda geri atılan rəsmi İrəvanın nəticəni bilə-bilə belə addım atması diqqət çəkir. Bu həm də Ermənistanın təkbaşına deyil, hansısa gücə arxayın olub riskə getdiyini deməyə əsas verir.

Maraqlıdır, ermənilərin təxribata əl atmalarına səbəb nə oldu?

Ermənistanda belə təxribat törətməyə qabil qüvvə varmı, yoxsa bu, Paşinyanın siyasi iradəsi ilə baş verib?

11 aprel döyüşləri sülh prosesini ertələdi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yeganə Hacıyeva deyib ki, Ermənistanın belə bir təxribata əl atmasının səbəbini müəyyən etmək üçün bundan öncə törətdiyi təxribatların xronologiyasına nəzər yetirmək lazımdır:

“Belə ki, 2021-ci il noyabrın 14-17-də Ermənistan Azərbaycanın şərti dövlət sərhədində baş verən gərginlikdən sonra iki ölkə arasında danışıqlar faktiki olaraq Ermənistan-Azərbaycan-Rusiya üçlü formatından çıxdı. Prosesə Avropa Birliyi cəlb edildi.

Fevral ayında Avropa Birliyinin tövsiyəsi ilə Fransanın moderatorluğunda tərəflər arasında onlayn görüş oldu. Bundan sonra isə aprel ayında Brüsseldə görüş keçirildi. Bütün bu hadisələr faktiki olaraq Avropa Birliyinin prosesə cəlb edilməsi deməkdir.

Yeganə Hacıyeva

Avropa Birliyi, əslində, proseslərə daha öncə cəlb edilmişdi. Belə ki, Avropa Birliyi 44 günlük müharibədən sonra dağıdılmış infrastrukturların bərpası adı Ermənistana 2.5 milyard avro yardım vəd etmişdi. Bu yardımın bir qismi də edildi. Burada diqqətçəkən başlıca məqam isə müharibənin Azərbaycan ərazisində getməsinə baxmayaraq yardımın Ermənistana edilməsidir.
Nəticə etibarilə o vaxt edilən bu yardım ilə Avropa Birliyi Cənubi Qafqaza dolayı yolla da olsa nüfuz edə bildi. Sonrakı mərhələdə biz Brüssel formatının yaradıldığını müşahidə etdik”.

Politoloq bildirib ki, 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə və 14-ü günü baş verən proseslərdən sonra Avropa İttifaqı Ermənistana 40 nəfərdən ibarət mülki missiya göndərdi:

“Daha sonra isə bu sayı yenilədi və artdı. Onu da deyim ki, mülki missiya yarım hərbi missiyaya çevrildi. Maraqlıdır ki, 20 gün öncə Avropa Birliyinin mülki missiyasının rəhbəri Almaniyada səfərdə olarkən yerli mediaya verdiyi müsahibədə açıq şəkildə etiraf etdi ki, Avropa Birliyinin missiyasının əsas vəzifəsi Ermənistanı müdafiə etməkdir.

Əslində bu fakt belə onu deməyə əsas verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanı arxayın edən bu məqamdır. Avropa Birliyi regionda nüfuzunu genişlətmək üçün fürsətdən istifadə edir. Ermənistan da bunu bildiyi üçün regionu ciddi təhlükəyə qoyur.
Belə ki, bu gün Ermənistan daxilində Rusiyanın hərbi bazaları var. Avropa İttifaqının isə yarım hərbi missiyası fəaliyyət göstərir. Paralel olaraq Ermənistan həm də digər regional tərəfdaşı İranı prosesə qatır.

Yeri gəlmişkən, son gərginlik zamanı İran PUA-ları da havaya qalxdı və Azərbaycan ordusunun hərəkəti və yerləşdiyi mövqelər ilə bağlı erməni tərəfinə aktiv informasiya verib.

Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan regionda gərginliyi artırmaqda qərarlıdır və bu prosesi maksimum dərəcədə qəliz şəkildə edir”.

Turan Rzayev
Globalinfo.az