Ermənistanda işgəncə görən hərbçilərimizlə bağlı beynəlxalq təşkilatlar susur – SƏBƏB

Ermənistanda keçirilən beynəlxalq idman yarışında bayrağımızın yandırılması dünyada Ermənistanın əleyhinə işləyən ciddi faktdır.

“Azərbaycanlıların ermənilərə qarşı səbəbsiz aqressiyası sülhə mane olan əsas amildir” təbliğatının getdiyi vaxtda əslində bu aksiya Azərbaycanın mövqeyini gücləndirdi, arqument bazasını zənginləşdirdi, haqlı mövqedə olduğunu ortaya qoydu.

Bəs dünyanın önəmli təşkilatları Ermənistanın bu barbarlığını tənqid edəcəkmi, qınayacaqmı? Yoxsa həmişə olduğu kimi bunu sükutla qarşılayacaq?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yeganə Hacıyeva beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli münasibətindən söz açıb:

“Əlverişsiz hava şəraiti səbəbi ilə yolu itirərək Ermənistan tərəfinə keçən azərbaycanlı hərbçilərin döyülməsi ilə bağlı görüntülər yayıldı. 1990-cı illərdə bizdə belə bir fikir vardı ki, beynəlxalq təşkilatların Ermənistana bu qədər dəstək göstərməsinin səbəbi bizim informasiya blokadasında olmağımızla bağlıdır. Söhbət Birinci Qarabağ müharibəsindən gedir. Amma 44 günlük müharibə bunun beynəlxalq təşkilatların və bir sıra dünya ölkələrinin məqsədli siyasəti olduğunu göstərdi. Üçtərəfli sazişin imzalanmasından bir neçə gün sonra Ermənistandan Azərbaycana keçən diversantları bütün dünya tələb etdi. ATƏT, Avropa Şurası, Avropa Birliyi rəsmiləri, bir sıra ölkələr, ABŞ Dövlət Departamenti və s. bunu tələb edirdi. Halbuki, erməni əsgərlər sadəcə saxlanılmışdılar, onlara qarşı hər hansı zorakılıq hallarına yol verilməmişdi. Onlar diversiya etmək üçün Azərbaycan tərəfə keçmişdilər. Cinayət başında yaxalanmışdılar”.

Y.Hacıyeva deyib ki, Ermənistanda işgəncə görən azərbaycanlı hərbçilərlə bağlı isə bu təşəbbüsləri görmürük:

Sadəcə ATƏT-in üçüncü sinif təsisatının tvitter səhifəsində narahatlığın ifadə olunduğu qeyd edilib. Beynəlxalq Qızıl Xaç Komitəsi isə sadəcə məsələnin həlli üçün danışıqlar aparıldığını bildirib. Azərbaycanda yerləşən xarici ölkə səfirliklərindən bir neçəsi də növbətçi “narahatıq” ifadəsi ilə kifayətləniblər. Nə ABŞ Dövlət Departamentindən, nə Avropa Şurasının İnsan Haqları Komissiyasından, nə ATƏT-in insan haqları birliklərindən, nə Avropa Parlamentindən, nə də hansısa ölkələrdən səs çıxmadı. Bu, artıq ikili standartlardan riyakar standartlara çevrilib”.

Politoloq İrəvanda keçirilən çempionatda bayrağımızın yandırılması ilə bağlı təxribatın öncədən və hakimiyyətin əli ilə planlandığını bildirib:

“İrəvanda bayrağımızın yandırılması isə birmənalı olaraq hakimiyyətin planlı siyasəti ilə həyata keçirilib. Bayrağı yandıran şəxs Ermənistanın Baş nazirinin həyat yoldaşının və qızlarının şəxsi stilistidir. Həmçinin ölkə prezidentinin ailəsinə də yaxın biridir. Tədbirdə dövlət tərəfindən akkreditasiya olunmuş şəxs qismində iştirak edib. O, bayrağı yandırarkən dövlət rəsmilər də zalda idi. Təsəvvür edin ki, ölkənin prezidenti və baş nazirinin olduğu zalda başqa ölkənin dövlət bayrağı yandırılır.

Doğurdanmı, təhlükəsizlik xidməti bunu görməyib?

Bayraq yandırıcı maddə vurulmuş kimi sürətlə yanmağa başladı. Demək ki, hər şey əvvəldən hazırlanmışdı. Bayrağı saxlayan qız da heç təəccüblənmiş görünmürdü. Yəni bunun qəsdən edildiyini deməyə əsas verən bir sıra məqamlar var.

Nikol Paşinyan bununla xalq arasında aşağı düşən reytinqini qaldırmağa, 44 günlük müharibədə yerlə yeksan olmuş ruhunu bərpa etməyə çalışıb. Əsas məqsədi ölkə daxilində ucuz nüfuz qazanmaqdır.

Paralel olaraq həm də xaricə göstərmək istəyir ki, Ermənistan xalqı sülh sazişinə hazır deyil. O, həmçinin beynəlxalq təşkilatların Azərbaycan əsgərləri ilə bağlı primitiv fikirlərinə bu şəkildə cavab verir.

Guya Paşinyan müstəqil olduğunu, beynəlxalq rəylə hesablaşmadığını göstərmək istəyir. Beynəlxalq humanitar hüquqa görə müharibə tərəflərinin biri diğərinin hərbiçisini əsir götürürsə, əsir düşən hərbçi həm də onların girovu hesab olunur”.

“Beynəlxalq humanitar hüquqa əsasən beynəlxalq təşkilatlar əsir və girovlara qarşı sərt münasibətə yol verilməməsi, ağır prosesləri önləmək üçün lazımı işlər görməli, vacib addımlar atmalıdırlar. Amma Azərbaycan ordusunun əsir düşən hərbçilərinin hazırkı vəziyyətində onlar öhdəliklərindən yayınıblar” – deyə, politoloq bildirib.

Qeyd edək ki, aprelin 14-də İrəvanda keçirilən Ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Ayşən Mustafa
Globalinfo.az