“Moldovanın Kişineu şəhərində təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransının ilk günündə özünü qondarma “Dağlıq Qarabağ”ın sakini kimi təqdim edən erməni qız Azərbaycanla bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirdi. Təəssüf ki, təşkilatçılar tədbirin məqsədlərinə tam zidd olan belə çıxışa imkan yaratdılar”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, o, çıxışın dərhal dayandırılmalı olduğunu tələb edib:
“Çıxışıma imkan yaradılmadığı üçün ayağa qalxaraq fikirlərimi bildirmək məcburiyyətində qaldım. Söylədim ki, “Dağlıq Qarabağ” adlı yer yoxdur, Azərbaycanın Qarabağ iqtisadi rayonu var: “Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz. Tədbirdə qərəzli siyasi bəyanat səsləndirməkdənsə, Qərbi Azərbaycanı zorla tərk etmiş 300 min azərbaycanlının hüquqlarından danışmaq və regionda sülhü dəstəkləmək lazımdır. Qərəzli yanaşmalar ilə Qafqazda sülhə nail olmaq olmaz””.
Deputat Prezident yanında Beynəlxalq Münasibətlər Mərkəzinin əməkdaşı Şahmar Hacıyev, Dövlət Su Ehtiyatları Agentliyini şöbə müdiri Rafiq Verdiyev, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli və Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadənin qərəzli çıxışa etiraz etdiklərini əlavə edib:
“İsrarlı təkiddən sonra erməni nümayəndənin çıxışı dayandırıldı və davam etdirməyə imkan verilmədi. Təşkilatçıların nümayəndəsi baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istədi”.
Qeyd edək ki, “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransında Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Avropa İttifaqının nümayəndələri iştirak edirlər. Tədbir sabah başa çatacaq.
Əliyar Xəlil
Globalinfo.az