Ermənistan ordusu sərhəddə “çoban əməliyyatı” keçirdi – Abramyan sevindi

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan Azərbaycan hərbçisinə atəş açılmasını “nikbin məqam” kimi qələmə verib.

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib.

Abramyan iddia edib ki, hadisə zamanı erməni çoban yolu azaraq Azərbaycan tərəfinə keçib:

“Mövcud məlumatlar onu deməyə əsas verir ki, sərhədçilərimizin məqsədi itmiş erməni çobanı sağ-salamat geri qaytarmaq olub və bu baxımdan üzərlərinə düşən vəzifəni yerinə yetiriblər. Bəli, o problemi həll etmək üçün düşmən istiqamətində atəş açmaq lazım idisə, o cür də edilməli idi”.

Abramyan bununla yanaşı dolayı şəkildə döyüş nizamnaməsinin pozulduğunu da etiraf edib, lakin bunu “fövqəladə vəziyyətlə” əlaqələndirib.

Revanşist müxalif deputat həmçinin Azərbaycan Ordusunun fevral ayında Nerkin-And kəndində təxribat törədən erməni postunun darmadağın edilməsini unutmadığını yazıb.

Qeyd edək ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Əliyar Xəlil
Globalinfo.az