Erməni generalın Bakıda ölməsi xəbəri yayıldı – Ağlasığmaz versiya

Erməni mediası və sosial şəbəkə səhifələri növbəti dəfə yalan, ağlasığmaz informasiya yayıb.

Globalinfo.az xəbər verir ki, erməni mətbuatında keçmiş qondarma rejimin sabiq “müdafiə naziri” Levon Mnatsakanyanın Bakı təcridxanasında ölməsi ilə bağlı saxta məlumat tirajlanır və informasiya artıq Rusiya seqmentinə də ötürülüb.

Ehtiyatda olan polkovnik Volodya Ovannisyan isə daha bir gülünc iddia səsləndirilib. O deyib  ki, Mnatsakanyan guya müharibədə həyatını itirən Azərbaycan əsgərlərinin yaxınları tərəfindən öldürülüb:

“Mnatsakanyan 2016-cı il müharibəsində türkləri məğlub etdi (əslində, Aprel savaşında erməni ordusu darmadağın edilib – red) və bunu ona bağışlamırlar. Bundan əlavə, hətta 2016-cı ildə öldürülən azərbaycanlıların qohumlarının Levon Mnatsakanyanı döymək üçün dəvət olunduğu barədə məlumatlar var. Bu, təbii ki, məlumatdır”.

V.Ovannisyanın bu iddiasının nə qədər gülünc və absurd olduğunu cəmi 3 faktla əsaslandırmaq olar:

Birincisi, Levon Mnatsakanyan bir müddət əvvəl ailəsi ilə əlaqə saxlayıb və vəziyyətinin yaxşı olduğunu bildirib. Ötən gün Ombudsman da separatçıların ailə üzvləri ilə danışdıqlarını açıqlayıb.

İkincisi, L.Mnatsakanyandan daha ağır cinayətlər törətmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan da Bakı təcridxanasındadır. Onların vəziyyətinin yaxşı olduğunu, mütəmadi olaraq ailələri ilə danışdığını ermənilər özləri də qeyd edirlər. Yəni baş terrorçu Araikin sağ-salamat olduğu bir vaxtda dördüncü dərəcəli şəxs Levon Mnatsakanyanın işgəncə görüb öldürülməsi tamamilə absurd səslənir.

Üçüncüsü, Ermənistana qaçmış terrorçu polkovnik Volodya Ovannisyan təcridxana kimi ictimaiyyətə qapalı bir mühitdə baş verənlərdən necə xəbər tuta bilərdi axı?

Bu bir daha göstərir ki, ermənilər beynəlxalq aləmin diqqətini çəkmək üçün Levon Mnatsakanyan xəbərini uydurublar. Onun Bakıda işgənc görməsi və öldürülməsi fikri əsassızdır. Zənnimizcə, ölüm Mnatsakanyan üçün qurtuluş olar. O, cinayətlərinin cəzasını dörd divar arasında yaşayaraq çəkməlidir.

Tamerlan Yayaqan
Globalinfo.az