Əli Əsədov Zurabişvili ilə görüşdü – YENİLƏNİB

Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb.

Bildirilib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin geniş gündəliyi var. İki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğu vurğulanıb.

Azərbaycan Prezidentinin cari ilin oktyabrında Gürcüstana səfərinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçirilən 9-cu iclasının önəmi qeyd edilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

***14:29

Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər.

Baş nazir Ə.Əsədov açılış nitqində qeyd edib ki, bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Vurğulanıb ki, bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edilib.

Regionlararası əməkdaşlıqdan danışan Ə.Əsədov deyib: “Son zamanlar ölkələrimizin ayrı-ayrı şəhər və rayonları arasında təmaslar daha da intensivləşmişdir ki, bu da təbii olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin hərtərəfli inkişafına çox müsbət təsir göstərir”.

Diqqətə çatdırılıb ki, ötən dövrdə və cari illərdə iki ölkənin bir sıra şəhər və rayonları, o cümlədən Bakı və Tbilisi arasında qardaşlaşma haqqında sazişlər imzalanıb. Bu müsbət tendensiya nəzərə alınaraq Azərbaycan-Gürcüstan regionlararası forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü.

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artdığı qeyd edildi, hər iki ölkənin böyük potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər investisiya əməkdaşlığının artırılmasının vacibliyini vurğulayıblar.

Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirilib. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir.

Vurğulanıb ki, ənənəvi olaraq yükdaşımaların davamlı şəkildə artdığı nəqliyyat və tranzit sahəsinə böyük diqqət yetirilir.

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edilib. “Dəmir yolunun tam gücü ilə işə salınması ölkələrimizin daha da çiçəklənməsinə və iqtisadi tərəqqisinə xidmət edəcək”, – deyə Azərbaycanın Baş naziri bildirib.

Həmçinin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) aktuallığı vurğulanlb, bu marşruta əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Bu kontekstdə Ə.Əsədov Zəngəzur dəhlizinin Orta Dəhlizin bir hissəsi kimi əhəmiyyətini vurğulayıb. “Bu dəhliz regional nəqliyyat kommunikasiyalarının və bağlantılarının şaxələndirilməsini təmin edəcək”, – deyə Azərbaycanın Baş naziri əlavə etdi.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olunub.

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunu imzalayıblar.

Müvafiq dövlət strukturlarının rəhbərləri kənd təsərrüfatı, ekologiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalayıblar.

***13:33

Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçiriləcək 9-cu iclasının əhəmiyyəti vurğulanıb.

Ə.Əsədovun rəsmi səfərinin və Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.

Əli Əsədov Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb