Ədliyyə naziri və Baş Prokuror vəzifələri ləğv ediləcək – Qüdrət Həsənquliyevdən gündəmi silkələyən açıqlamalar

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Globalinfo.az müsahibənin əsas hissələrini təqdim edir.

Q.Həsənquliyev İlham Əliyevin alternativsiz seçkilərə getməsi barədə deyənlərə münasibət bildirib. Deyib ki, bu fikirləri həm İlham Əliyevdən dəstək istəyənlər səsləndirir, həm də seçkini gözdən salıb ölkənin beynəlxalq imicini korlamaq, seçkinin legitimliyini şübhə altına almaq istəyənlər. O, bəzi siyasətçilərə də ismarış göndirib. Bildirib ki, vaxtilə özünü müxalifət, ölkənin gələcəyini düşünən “böyük siyasətçi” kimi xalqa sırımağa cəhd etmiş adamlar da bəlli səbəbdən seçkiyə qatıla bilmədikləri üçün deyirlər ki, İlham Əliyevə səs verəcəklər. Deputatın sözlərinə görə, belələri gözəl başa düşür ki, İlham Əliyevin onların dəstəyinə ehtiyacı yoxdur.

Q.Həsənquliyev deyib ki, siyasi baxımdan hazırlıqlı seçicilər qutu başına gələndə ölkəmizdə köklü dəyişikliklərə yol açacaq ciddi islahatlar aparacağına, seçkilərdən sonra konkret hansı müddətə nəyi dəyişəcəyini vəd edən namizədlərə səs vermək barədə düşünməlidir:

“Bu günə qədər namizədliyini irəli sürmüş şəxslərin hər biri layiqli rəqibdir, ölkəmizi təmsil etməyə qadirdirlər. Seçkilərin siyasi etikanın gözlənilməsi ilə rəqabət şəraitində keçəcəyinə inanıram”.

O, “Sizləri ən çox ona görə ittiham edirlər ki, 44 günlük savaş və 19 sentyabr antiterror tədbirləri zamanı prezidenti xeyli tərifləmisiniz, onun daxili və xarici siyasətini bəyəndiyinizi elan etmisiniz, amma indi ona alternativ olaraq seçkiyə qatılırsınız” sualına cavab olaraq bunları söyləyib:

“Bunların xəstə məntiqi ilə müxalifətsənsə, hər şeyi pisləməli, iqtidarı düşmən elan etməlisən. İlham Əliyevin liderliyi ilə 44 günlük savaşda xalqımız erməni faşizmi üzərində misilsiz bir qələbəyə imza atıb. Bəyanatlar qələbə ilə bağlı prezidentin atdığı addımlarla bağlı olub. Mən parlamentdə onun adının əbədiləşdirilməsi barədə qanun qəbul edilməsini təklif etmişdim”.

Deputat sədri olduğu partiyanın adının dəyişdiriləməsi istiqamətində gedən müzakirələrə də toxunub:

“Dövlət suverenliyini Qarabağda bərpa edəndən sonra partiyamızın adında qarşıdurma kimi assosiasiya oluna biləcək “cəbhə” sözü olduğu üçün adın dəyişdirilməsi, yeni çağırışlara uyğun səslənən “Ədalət, Hüquq, Demokratiya”, qısa ƏHD adlandırılması barədə İdarə Heyətində qərar qəbul etdik”.

Qüdrət Həsənquliyev seçkidə qalib gələcəyi halda atacağı addımları da sadalayıb.

Bildirib ki, xalq ona etimad göstərərsə, seçkilərdən dərhal sonra parlamentə Xankəndi üzərində dövlət suverenliyinin bərpası ilə əlaqədar böyük amnistiya aktı haqqında qərar layihəsi göndərəcək.

Həmçinin dövlət idarəetməsində parlamentli respublika modelinin tətbiqini dəstəklədiyini deyib. Konstitusiya islahatları nəticəsində dövlətin adının Şimali Azərbaycan Cümhuriyyəti adlanacağını elan edib.

Onun sözlərinə görə, məmurların sayını azaltmaq və yerli rəhbərlərin əhali qarşısında hesabatlılığını təmin etmək üçün ölkə 15 inzibati ərazi vahidinə – regiona bölünəcək, regionların yerli sakinlər tərəfindən seçilən 31 nəfərdən ibarət Məclisləri olacaq və region rəhbərləri həmin Məclisdə seçiləcək:

“Biz qanunun aliliyini təmin edəcək, insan haqlarını qoruyacaq, mülkiyyətə təminat verəcək güclü və ədalətli məhkəmə hakimiyyəti üçün məhkəmələrdə andlı iclasçılar institutunu tətbiq edəcəyik. Məhkəmədə çəkişən tərəflərdən kimin haqlı olmasını hakim yox, xalqın arasından seçiləcək 12 nəfər sadə vətəndaş (andlı iclasçılar ) müəyyən edəcək. Ədliyyə naziri və Baş Prokuror vəzifələri birləşdiriləcək, vahid Dövlət İstintaq Komitəsi formalaşdırılacaq”.

Pensiya siyasətinə toxunan namizəd deyib ki, qadınlar üçün pensiya yaşı 59-a, kişilər üçün 61-ə endiriləcək. Pensiyaların minimum həddi orta aylıq əmək haqqının 80%-dən az olmayacaq. Uşaqlara “uşaq pulu” deyilən aylıq müavinətlər veriləcək:

“Müqavilə əsasında peşəkar ordu qurulacaq, çağırış yaşına çatmış oğlanlar ya orduya hərbi xidmət keçmədiyi üçün pul ödəyəcək, ya da 6 ay hərbi xidmət keçəcək. Peşəkar hərbçilər məcburi 20 il xidmət keçəcəkdir. Büdcədən maliyyələşən şəxslərin əmək haqqı əhəmiyyətli məbləğdə artırılacaq, çünki aparılacaq islahatlar nəticəsində büdcə gəlirləri dəfələrlə artacaq. Təhlükəsizlik sahəsində Türkiyə, Rusiya, Pakistan və İsrail ilə yaxından əməkdaşlıq edəcək ,türk dövlətləri ilə yaxınlaşma siyasəti davam etdiriləcək. Bu, bizim seçki platformamızdan kiçik tezislərdir. Kim deyirsə ki, seçki alternativsiz olacaq, ciddi şəkildə yanılır, kimin nə danışmasından asılı olmayaraq, biz qələbə uğrunda mübarizə aparacağıq”.

Globalinfo.az