Dollara tələbat artdı: Mərkəzi Bank hansı qərarı verəcək?

“Ötən həftə hərraclarda dollara tələb artıb. Belə ki, 10-17 avqust tarixlərində Mərkəzi Bankın təşkil etdiyi 3 valyuta hərraclarında 127.9 milyon dollar satılıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu, əvvəlki uyğun müddətdə təşkil edilən 3 hərrac ilə müqayisədə 27.3 faiz çox satış deməkdir:

“Bu isə son hərraclarda dollar tələbinin hiss edilən səviyyədə yüksəlməsindən xəbər verir. Dollara tələbin artması mövsümi iqtisadi səbəblərlə yanaşı psixoloji faktorlarla da bağlıdır. Belə ki, yay mövsümünün sona yaxınlaşması, idxalın artması dollara yeni tələb yaradır. Bununla yanaşı, qonşu ölkələrdəki volatillik, xüsusən də Rusiyada rublun ucuzlaşması valyuta bazarına psixoliji təsir formalaşdırır”.

V.Bayramovun sözlərinə görə, bu ilin birinci yarısında 8 milyard 198 milyon dollarlıq idxal qeydə alınıb:

“Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 22.5 faiz çoxdur. İdxalın artması isə dollara daha çox tələb yaradır. Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsi hələ də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlığı Mərkəzi Bankın qərarları müəyyənləşdirir”.

Zaira Akifqızı
Globalinfo.az