“Zəfərimizin altıncı ildönümü Azərbaycanın qüdrətinin, milli iradəsinin və dövlətçilik əzminin təntənəsidir”.
Bunu Globalinfo.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.
O bildirib ki, 8 Noyabr böyük qürur, sonsuz ehtiram və tarixi məsuliyyət hissi ilə qarşılanır:
“Bu gün Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yer tutur. 2020-ci ildə qazanılmış tarixi Qələbə torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, milli ləyaqətimizin, dövlət suverenliyimizin və xalqımızın öz gələcəyini müstəqil müəyyənləşdirmək iradəsinin sevinci oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu Zəfərin arxasında uzun illərin məqsədyönlü dövlət siyasəti, güclü iqtisadi potensial, müasir ordu quruculuğu və qətiyyətli diplomatiya dayanır. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində nümayiş etdirdi ki, milli maraqların müdafiəsində xalqla dövlətin birliyi ən böyük strateji gücdür. Bu gün altı il əvvəlki hadisələri xatırlayarkən ilk növbədə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin və bütün müharibə iştirakçılarının qəhrəmanlığını yüksək qiymətləndiririk. Onların fədakarlığı Azərbaycanın müasir tarixində əbədi yaşayacaq. Zəfərin altıncı ildönümünün xüsusi siyasi əhəmiyyəti ondadır ki, Azərbaycan artıq yalnız Qələbə qazanmış dövlət deyil, həmin Qələbənin nəticələrini möhkəmləndirən, bütün ərazisində suverenliyini təmin etmiş və regionun gələcək inkişaf gündəliyini formalaşdıran qüdrətli dövlətdir”.
Aydın Hüseynov
Deputat bildirib ki, 2023-cü ildə dövlət suverenliyimizin tam təmin olunması, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı tarixi Zəfərin real nəticələridir:
“Bir vaxtlar işğal altında olan torpaqlarımız bu gün yeni yaşayış məntəqələrinin, iqtisadi fəaliyyətin və müasir infrastrukturun qurulduğu inkişaf məkanına çevrilir. Zəfər Azərbaycanın beynəlxalq nüfuzunu da gücləndirib. Ölkəmiz milli maraqlarını qətiyyətlə müdafiə edən, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində müstəqil mövqe nümayiş etdirən dövlət kimi öz strateji imkanlarını genişləndirib.
Bizim üçün ən mühüm vəzifə bu tarixi nailiyyətləri gələcək nəsillərə ötürmək, milli birliyimizi qorumaq və Qələbənin yaratdığı imkanları Azərbaycanın uzunmüddətli inkişafına yönəltməkdir. Altı il əvvəl Azərbaycan xalqı tarix yazıb. Bu gün isə həmin tarixi Zəfərin üzərində daha güclü, daha qüdrətli və gələcəyə inamla baxan Azərbaycan qurulur. 8 Noyabr xalqımızın yenilməz iradəsinin, şəhidlərimizin müqəddəs əmanətinin və müstəqil dövlətçiliyimizin əbədi rəmzidir”.
Ləman İmran
Globalinfo.az