“44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin altıncı ildönümündə bir daha aydın görünür ki, Zəfər Günü Azərbaycanın müasir dövlətçilik tarixində sadəcə təqvim sırasına daxil olan bir bayram deyil, milli şüurun, geostrateji reallığın və hüquqi suverenliyin tam təmin olunmasının rəmzi kimi öz əzəmətini nəinki qoruyub saxlayır, üstəlik öz tarixi önəmini günbəgün artırır. Zaman keçdikcə əhəmiyyətini itirməyən bu Zəfər, illər ötdükcə arxasında dayanan milli iradənin, hərbi-strateji planlaşdırmanın və dəmir məntiqin nə dərəcədə dərindən işlənildiyini nümayiş etdirən unikal dönüş nöqtəsidir”.
Bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov deyib:
Deputat bildirib ki, bu möhtəşəm tarixi dönüşün memarı və əsas hərəkətverici qüvvəsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çoxşaxəli strateji liderliyidir:
“Onilliklər ərzində beynəlxalq kürsülərdə formalaşdırılan hüquqi-diplomatik zəmin, informasiya mübarizəsində yürüdülən hücum diplomatiyası və V nəsil döyüş taktikasına söykənən modern ordu quruculuğu məhz dövlət başçısının sarsılmaz siyasi iradəsinin nəticəsidir. Aydındır ki, 44 gün boyunca döyüş əməliyyatlarına birbaşa rəhbərlik edərək Şuşanın azad olunması kimi unikal bir Zəfərə imza atan Ali Baş Komandan adını tarixə qalib sərkərdə kimi həkk etdi. Bu liderlik fenomeninin və dövlət adamı böyüklüyünün ən parlaq göstəricisi isə cənab İlham Əliyevin bu möhtəşəm qələbəni xalqın ortaq mənəvi ucalığına çevirməsidir. Otuz illik məğlubiyyət kompleksini sıradan çıxaran Ali Baş Komandan hər bir azərbaycanlının qələbənin şərəfinə şərik etməklə şəhidlərimizi, veteranlarımızı və cəbhə arxasında dayanan hər bir sıravi vətəndaşı böyük mənəvi ucalıq göstərərək bu Zəfərin bərabərhüquqlu otağına çevirməklə, xalqımıza əbədi “Qalib Millət” kimliyini qazandırmışdır.

Bəhruz Məhərrəmov
Deputat qeyd edib ki, siyasi və hüquqi müstəvidə bu qələbə Cənubi Qafqazda son iki əsr boyunca formalaşmış güc balansını kökündən dəyişərək rəsmi Bakını regionun şərtləri müəyyənləşdirən əsas aktoruna çevirdi:
“Azərbaycan səmərəsiz “status-kvo” formatlarını darmadağın edərək BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini “self-defense” hüququ çərçivəsində özü icra etdi, beynəlxalq hüququn aliliyini bərpa etdi. 2023-cü ilin sentyabrındakı uğurlu antiterror tədbirləri ilə bu hüquqi çərçivə tam tamamlandı, ölkənin bütün ərazisində Konstitusiya quruluşu bərqərar olundu. Qazanılan bu Zəfər yalnız işğala son qoymaqla bitmədi, bütün Avrasiya məkanında “Orta dəhliz” kimi yeni logistik marşrutların və nəqliyyat-enerji xəritəsinin formalaşmasına zəmin yaradaraq Bakını bərabərhüquqlu tərəfdaşlıq tələb edən müstəqil güc mərkəzinə çevirdi.
Zəfərin dayanıqlılığını və onun post-münaqişə dövründəki strateji davamını təmin edən həlledici amil isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Quruculuq və Bərpa prosesidir. Hərbi sahədə qazanılan Qələbə modern infrastruktur layihələri, smart şəhər və kənd konseptləri, beynəlxalq hava limanları və “Böyük Qayıdış” proqramı çərçivəsində soydaşlarımızın öz yurdlarına ləyaqətli dönüşü ilə mülki-geosiyasi müstəvidə daha da möhkəmləndirilir. “Qarabağ Azərbaycandır və nida” ideologiyası ətrafında bərqərar olunmuş sarsılmaz Xalq-Ordu-Lider birliyi, eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızın və sərvətlərimizin milli iqtisadiyyata sürətli reinteqrasiyası Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin və geosiyasi qüdrətinin əbədi zəmanətçisi kimi çıxış edir”.
Turan Rzayev
Globalinfo.az