saman 1

Rusiyada özünü şaman kimi təqdim edən Artur Tsıbikov Ukraynanın işğalı ilə bağlı müharibədə ölkəsinin qələbə qazanması üçün 60 dəvəni qurban kəsməyi planlaşdırır.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, İrkutsk vilayətində fəaliyyət göstərən 53 yaşlı Tsıbikovun bu açıqlaması ölkədə ciddi müzakirələrə səbəb olub.

Tsıbikov yayımladığı video müraciətində bir il davam edəcək mərasimlər təşkil etmək istədiyini açıqlayıb.

Onun planına əsasən, noyabr ayından başlayaraq hər ay 5 dəvə qurban kəsiləcək. Beləliklə, bir il ərzində ümumilikdə 60 dəvənin öldürülməsi nəzərdə tutulur.

Şaman bu mərasimlərin Slavyan tanrılarından bağışlanma, yardım və dəstək istəmək məqsədi daşıdığını bildirib.

Tsıbikov Rusiyanın “Lyudi Baykala” nəşrinə açıqlamasında mərasimlərin məqsədini də izah edib.

O, bu ritualların ölkəsindəki mənfi halları aradan qaldıracağına inandığını bildirib. Şamanın sözlərinə görə, əsas istəyi Ukraynaya qarşı aparılan müharibənin Rusiyanın qələbəsi ilə tezliklə başa çatmasıdır.

Məlum olub ki, Tsıbikov heyvanların qurban verilməsi ilə bağlı mərasimlərinə görə ilk dəfə deyil ki, tənqid olunur.

Belə ki, 2019-cu ildə İrkutsk vilayətində təşkil olunan mərasim zamanı 5 dəvə öldürülüb, heyvanların qalıqları ritual ocağında yandırılıb. Həmin vaxt yayılan görüntülər ciddi narazılığa səbəb olub və prokurorluq araşdırmaya başlayıb.

Qeyd edək ki, hazırda 60 dəvənin qurban verilməsi ilə bağlı təsdiqlənmiş məlumat yoxdur. Söhbət yalnız Artur Tsıbikovun açıqladığı plandan gedir.

Paylaş: