Bakıda məktəblinin ölüm səbəbi açıqlandı – YENİLƏNİB

Fevralın 12-də saat 22:51 radələrində 03.09.2010-cü il təvəllüdlü (qadın cinsli) şəxs Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, azyaşlıda 03.02.2024-cü il tarixindən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb:

“Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub. Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib. Pasiyentin 13.02.2024-cü il tarixində vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib.

Həmin gün saat 19:40 radələrində pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasiyon tədbirlər nəticə verməyib. Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmazlığı və kəskin böyrək çatışmazlığı olaraq qeyd olunur”.

Xatırladaq ki, Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi Nuray Süleyman qızı İbrahimovanın qızılcadan vəfat etdiyinə dair məlumat yayılmışdı.

***12:38

Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, məktəbin 8-ci sinif şagirdi, 14 yaşlı Nuray Süleyman qızı İbrahimova qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.

Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib.