Daha bir ABŞ rəsmisi Ermənistana gəlir – Nə baş verir?

ABŞ dövlət katibinin daha bir müavini Ermənistana gedəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət katibinin müavini Riçard Verma üç günlük səfər çərçivəsində iyunun 17-də Ermənistana gələcək.

Səfər zamanı ABŞ rəsmisi  dövlət və özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

“Bu səfər zamanı Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçiriləcək. Bu, bizim erməni xalqı ilə ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətimizdən xəbər verir”, – səfirliyin mesajında deyilir.

Qeyd olunur ki, Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniyadan olan nümayəndə heyətinə rəhbərlik edəcək.

Onu Dövlət Departamentinin yeni yaradılmış submilli diplomatiya komandasına rəhbərlik edən Nina Xaçiqyan və kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndə Sara Morgenthau müşayiət edəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az