Daha bir qrup erməni Laçın postundan keçdi – YENİLƏNİB

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Gorus-Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, BQXK-yə məxsus nəqliyyat vasitələrində ümumilikdə 17 nəfər BQXK nümayəndələri və erməniəsilli şəxslər olub.

Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Avtomobillərdə ərzaq, uşaq qidaları və dərman ləvazimatı olub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

***10:18

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

Globalinfo.az xəbər verir ki, bu gün məntəqədən BQXK-yə məxsus 9 nəqliyyat vasitələri keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 25-ə yaxın şəxs olub. Həmin şəxslər arasında BQXK əməkdaşları ilə yanaşı, mülki vətəndaşlar da var.

Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.