İki supergüc birləşir: III Dünya müharibəsi başlaya bilər

“Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq ölkəsinin Rusiya ilə münasibətlərindən danışarkən Çin və Rusiya arasında əməkdaşlığın üçüncü tərəflərə qarşı yönəlmədiyini bildirib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi-şərhçi Kənan Novruzov deyib.

O, Moskva ilə Pekin arasında əməkdaşlığın gücləndiyini qeyd edib:

“Bu, daha çox dünyadakı qütbləşmə ilə müşahidə olunur. Tərəfləri birləşdirən əsas məsələlərdən biri ortaq ABŞ təhdididir.

Çin və Rusiya qarşılıqlı əməkdaşlığı gücləndirməklə Qərbi çəkindirmək istəyir. Eyni zamanda, onlar təhlükəsizliklərini möhkəmləndirməyə çalışırlar. Bu mənada Çin Xarici İşlər Nazirliyinin açıqlanmasını səmimi hesab etmirəm. Nəzərə almaq lazımdır ki, tərəflər arasındakı əlaqələr Ukraynadakı müharibəyə qədər bu səviyyədə deyildi. İndi isə onlar əlaqələrini gücləndirməyə məcbur olublar.

Düşünürəm ki, Pekinlə Moskva arasındakı münasibətlər bundan sonra da artan templə davam edəcək. Hər iki dövlət çalışacaq ki, müttəfiqlərinin sayı da da artsın. Beləliklə, Qərb koalisiyasına bənzər ittifaq yarana bilər. Bu isə gələcəkdə Üçüncü Dünya müharibəsinin başlanması üçün şərait yaradacaq”.

Zaira Akifqızı
Globalinfo.az