
Norveç, Danimarka və İsveçin milli xokkey komandaları Rusiyanın 2027-ci ildə Almaniyada keçiriləcək dünya çempionatında iştirakı təsdiqlənəcəyi təqdirdə, bu ölkənin yığması ilə qarşılaşmayacaqlarını bəyan ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, adıçəkilən üç ölkənin xokkey federasiyaları qərarlarını təhlükəsizlik riskləri və Ukraynada davam edən müharibə ilə əsaslandırıblar. Bununla yanaşı, komandalar çempionatın digər görüşlərində iştirak etməyi planlaşdırırlar.
Finlandiya Xokkey Assosiasiyası da daha əvvəl Ukraynadakı müharibə davam etdiyi müddətdə milli komandanın Rusiya yığması ilə qarşılaşmayacağını açıqlayıb. Assosiasiyanın rəhbəri Heykki Hietanen digər ölkələrin federasiyalarını da bu mövqeyi dəstəkləməyə çağırdıqlarını bildirib.
Qeyd edək ki, Rusiyanın beynəlxalq xokkey yarışlarına qayıtması ilə bağlı müzakirələr İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından sonra yenidən gündəmə gəlib. Məhkəmə Beynəlxalq Buzüstü Xokkey Federasiyasının (IIHF) Rusiya komandalarının yarışlardan kənarlaşdırılması barədə qərarını ləğv edib. Bununla belə, Rusiya yığmasının 2027-ci il dünya çempionatında iştirak edib-etməyəcəyi IIHF-nin qərarından asılıdır.
Əliyar Xəlil,