İsrail İranın düşmənlərinə qarşı kimyəvi silahdan istifadə etməyi nəzərdən keçirə biləcəyinə dair kəşfiyyat məlumatlarını ABŞ-a təqdim edib. Məlumat Vaşinqtonda narahatlıqla yanaşı, ciddi şübhələrə də səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin noyabrın 3-də ABŞ rəsmilərinə və Yaxın Şərq ölkələrinin nümayəndələrinə istinadən yaydığı məlumata görə, İsrail kəşfiyyatının iddiaları Amerika administrasiyasında birmənalı qarşılanmayıb. Bəzi rəsmilər bu məlumatları ciddi təhlükə kimi qiymətləndirsə də, digərləri onların etibarlılığına şübhə ilə yanaşıb.
Mənbələrin bir qismi İsrailin təqdim etdiyi məlumatları Baş nazir Benyamin Netanyahunun Donald Tramp administrasiyasına təzyiq göstərmək cəhdinin tərkib hissəsi hesab edir. Onların fikrincə, İsrail hökuməti bu yolla Vaşinqtonu İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmağa inandırmağa çalışır.
Qəzetin məlumatına görə, İsrail kəşfiyyatı bəzi məlumatları Fars körfəzi ölkələrinin nümayəndələri ilə də bölüşüb.
Tahir Turan
Globalinfo.az