WhatsApp Image 2026 11 03 at 17.14.58

Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyə hazırlaşır. Baş nazir Nikol Paşinyan hökumətin noyabr ayında yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edəcəyini və müzakirələrə başlanılacağını açıqlayıb. Bu təşəbbüs Azərbaycanla sülh müqaviləsinin imzalanması və iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi baxımından da xüsusi əhəmiyyət daşıyır. Lakin məsələ Ermənistan daxilində birmənalı qarşılanmır.

Müxalifət Konstitusiya dəyişikliyinə qarşı çıxır, hakimiyyət isə referendumun keçirilməsi üçün siyasi dəstək toplamağa çalışır. Parlamentdə lazımi səs çoxluğunun olmaması da Paşinyan hökumətinin qarşısında ciddi maneə yaradır.

Belə olan halda Ermənistan referendumun keçirilməsinə nail ola biləcəkmi? Əhali yeni Konstitusiyaya dəstək verəcək, yoxsa ölkədə siyasi qarşıdurma daha da dərinləşəcək?

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Ermənistanda referendum məsələsi 44 günlük müharibədən sonra gündəmə gəlib:

“Bu məsələ Azərbaycanla sülh prosesinin müzakirəsində mühüm yer tutur. Burada əsas nüans təkcə referendumun keçirilməsi deyil, onun hansı məqsədlə olmasıdır. Xüsusilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi Bakı-İrəvan münasibətləri baxımından diqqət mərkəzindədir.

Baş nazir Nikol Paşinyan noyabrın 2-də açıqlayıb ki, yeni Konstitusiya layihəsi bu ay ərzində ictimaiyyətə təqdim ediləcək. Bundan sonra cəmiyyətdə müzakirələr keçiriləcək və vətəndaşların təklifləri nəzərə alınacaq. Deməli, referenduma hazırlıq istiqamətində işlər gedir.

Azərbaycan tərəfinin əsas tələblərindən biri Konstitusiyanın preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə edilən istinadla bağlıdır. Həmin sənəd Ermənistanın ərazi iddialarına hüquqi-siyasi zəmin yaradır. Bu isə sülh müqaviləsinin imzalanması üçün ciddi problem yaradır və konstitusion dəyişiklikləri vacib edir.

mutellim rehimov 2 e1756729840247 900x628 1
Mütəllim Rəhimli

Referendumun nəticəsinə gəlincə, indiki mərhələdə birmənalı proqnoz vermək çətindir. Əvvəla, Ermənistan rəhbərliyinin vədinə inanmaq mümkün deyil. İkincisi, parlament müxalifəti yeni Konstitusiyanın referenduma çıxarılmasına qarşı olduğunu bəyan edir.

Revanşist qüvvələr Paşinyanın Konstitusiya dəyişiklikləri təklifini Azərbaycan qarşısında güzəşt kimi təqdim edir. Paşinyan isə bunu Ermənistanın gələcək təhlükəsizliyi və regionda sülhün təmin olunması kimi qiymətləndirir. Referenduma münasibətdə belə kəskin fikir ayrılığı onun nəticələri barədə dəqiq fikir söyləməyə imkan vermir. Əgər məsələ cəmiyyət daxilində qarşıdurmaya  səviyyəsinə çatarsq, referendum Paşinyan hakimiyyəti üçün ciddi nəticələr doğura bilər. Lakin bu ehtimal azdır. Paşinyanın isə siyasi qüvvələr arasında olan fikir ayrılığından istifadə edərək prosesi uzada və tələb olunan düzəlişləri minimuma endirməyə çalışa bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: