Ceyhun Bayramov afrikalı həmkarları ilə görüşdü – YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

Bu barədə Globalinfo.az-a XİN-dən məlumat verilib.

Görüşdə, iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.

Son dövrlərdə Azərbaycan və Əlcəzair arasında qarşılıqlı təmasların artımının müşahidə olunduğunu məmnunluqla qeyd olunub.

Ölkələrimiz arasında müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğu, mövcud imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr platformasının əhəmiyyəti qeyd edilib.

Nazir Əhməd Attaf, Azərbaycanın 4 il müddətində QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın dirçəldilməsində vacib rol oynadığını diqqətə çatdıraraq, göstərilən səylərə görə Azərbaycan tərəfinə təşəkkür edib. Əlcəzair ilə Azərbaycan arasında xüsusilə regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı təmasların daha da artırılmasının vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

X X X

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Kampala şəhərinə səfəri çərçivəsində Tanzaniyanın xarici işlər naziri January Makamba ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Nazirlər Azərbaycan və Tanzaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. İkitərəfli əməkdaşlıq məsələləri də gündəmdə olub”, – qeyd edilib.

***16:05

Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu zirvə görüşündə iştirakı məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində Anqola Respublikasının xarici əlaqələr naziri Tete Antonio ilə görüşüb.

Bu barədə Globalinfo.az-a XİN-dən bildirilib.

Görüşdə Azərbaycanın xarici siyasət kursunda Afrika qitəsi ölkələri, o cümlədən Anqola ilə əməkdaşlığın önəmli vektorlardan birini təşkil etdiyi diqqətə çatdırılıb, Azərbaycan və Anqola arasında siyasi, iqtisadi, təhsil, humanitar, ticarət və enerji sahələrində əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanların olduğu bildirilib.

Bu baxımdan, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və xarici siyasət qurumları arasında məsləhətləşmələrin keçirilməsinin faydalılığı qeyd edilib.

BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Anqola əməkdaşlığı məmnunluqla xatırlanıb.

Humanitar sahədə, xüsusilə təhsil və müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərin hazırlanması ilə əlaqədar iki ölkə arasındakı uğurlu əməkdaşlığın tarixi və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Anqolalı tələbələrin Azərbaycan tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təqaüd proqramlarında iştirakı məmnunluqla qeyd edilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***14:11

Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən 19-cu Zirvə görüşü çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Musa Zameer ilə görüşüb.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

Maldiv xarici işlər naziri ölkəmizi Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə təbriklərini çatdırıb, troyka üzvü kimi Azərbaycanın Hərəkatın daha da güclənməsi üçün səylərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib. Ölkələrimiz arasında turizm, hava nəqliyyatı, təhsil, və digər humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərfli və regional məsələlər müzakirə olunub.

Ceyhun Bayramov Maldiv xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Maldiv xarici işlər naziri ilə görüşüb