Gencler 1 aile 1

Son vaxtlar gənclərin ailə qurmaması tez-tez müzakirə olunur. Yaş ötür, lakin gənclər evlənmir, uşaq sahibi olmur. Bunun da gələcəkdə demoqrafik problemlərə səbəb ola biləcəyi deyilir. Amma bu məsələdə gəncləri qınamaq düzgün deyil. Çünki onların da öz səbəbləri var. Atalarımızın, babalarımızın dövründə insanlar bəlkə də indiki qədər yaxşı yaşamırdılar, maaşları yüksək deyildi, lakin ev məsələsində müəyyən imkanları olurdu. Dövlət müəssisəsində işləyənlərə ev verilirdi: mənzil növbəsinə dayanırdılar, bir müddət sonra ev sahibi olurdular. Müxtəlif güzəştlər də vardı. Bu gün isə həmin imkanların çoxu yoxdur.

Məsələn, mənim işlədiyim yerdə, mən də daxil olmaqla bir neçə nəfərin evi yoxdur. Onlardan biri ailəlidir. Təbii ki, hamımızın arzusu öz evimizin olmasıdır. Heç kim ömrünün uzun illərini kirayədə keçirmək istəmir. İlkin ödəniş, aylıq ödəniş yüksəkdir, ipoteka faizləri çoxdur, mənzillər isə bahadır.

Gənc işləyir, maaş alır, həmin maaşdan vergi və sosial ödənişlərini verir, gündəlik xərclərini qarşılayır, ailəsinə kömək edir və bütün bunlardan sonra ev üçün böyük məbləğ toplamaq çox çətin olur. Belə vəziyyətdə gəncdən necə rahat şəkildə ailə qurmağını gözləmək olar?

Ailə qurmaq, əlbəttə, yalnız evlə bağlı deyil, amma insan gələcəyini düşünür. Ailə qurandan sonra harada yaşayacağını, kirayəni necə ödəyəcəyini, uşağın xərclərini necə qarşılayacağını hesablayır. Bunlar hamısı bir-birinə bağlı məsələlərdir. Ona görə də hesab edirəm ki, mənzil məsələsində gənclər üçün daha real və əlçatan mexanizmlər olmalıdır. Məsələn, evi olmayan, uzun müddət kirayədə yaşayan və gəliri müəyyən edilmiş meyarlara uyğun gənclər qeydiyyata alına bilər.

Burada söhbət pulsuz evlərin verilməsindən getmir. Gənc öz evinin pulunu ödəsin. Məsələn, ilkin ödəniş 5-6 min manat olsun, aylıq ödəniş də 400-500 manat civarında müəyyənləşdirilsin. Onsuz da gənc həmin pulu kirayəyə verir. Niyə illərlə kirayə haqqı ödəsin və sonda əlində heç nə qalmasın? Əvəzində həmin 400-500 manatı öz evinə görə ödəsin, 15-20 ildən sonra da mənzil onun olsun.

Əslində burada dövlət də itirmir. Əksinə, vətəndaş mənzil sahibi olur, işləməyə və qazanmağa davam edir, hər ay ödəniş edir. Dövlət də uzunmüddətli şəkildə həmin vəsaiti geri alır. Bu gün gənclərdən ailə qurmaq, uşaq sahibi olmaq gözlənilir, amma bunun üçün şərait də nəzərə alınmalıdır.

Gənclərə “niyə evlənmirsən?” demək asandır. Əsas məsələ onun bu gün hansı imkanlarla yaşadığını, ev almaq üçün qarşısında hansı maneələrin olduğunu görməkdir.

Gəncləri ailə qurmadıqları üçün qınamaq əvəzinə, əvvəlcə onların ev sahibi ola bilməsi üçün daha əlçatan yollar düşünmək lazımdır. Çünki öz evinin olduğunu bilən insan gələcəyini daha rahat qurur.

zaira akifqizi yeni 900x600 3

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: