Bu gün onların – bizə dünənimizi, bu günümüzü, gələcəyimizi bəxş edənlərindir. Sözün əsl mənasında üzərində imzası olan yeganə şəxslərdir onlar. Həyatda istənilən sahəyə gedən yolda vasitəçi onlar olublar.
Bəli, ömrümüzün şah əsəridir müəllimlər. Təəssüf ki, dövrün, zamanın dəyişən tələbləri bu peşəyə də amansızca təsir etdi. Elə bu yöndə səhər oxuduğum bir status məni yenidən düşünməyə vadar etdi və beynimdə səssizcə suallar yarandı: niyə, nəyə görə, səbəb nə oldu?
Günün başlanğıcında təhsilinin əsas dövrünü 80-ci illərdə alan rəhbərim Azər Ayxanın öz məktəb illərinə aid paylaşımında yazdığı qeyd məni bu suallarla baş-başa qoydu. O dövrə aid foto və açıqlama hissəsində yazılıb: “Müəllimlərin hörmətli vaxtından bir xatirə…”
Axı deyirdik ki, müəllim bu cahanda ikinci anamızdır, ikinci atamızdır… Axı deyirdik ki, nadanlardan qoruyub ana yurdu müəllim… Necə oldu ki, qeyri-adi və müqəddəs varlıq kimi baxdığımız müəllimlərə bu gün əvvəlki hörməti görə bilmirik? Necə oldu ki, bizi yetişdirən, həyatımızda böyük mənada imzası olan bu insanları qoruya bilmədik?
Yadımdadır… Anam biz məktəbli olanda deyirdi, “bizim vaxtımızda başqaydı, elə bilirdik müəllim yemək yemir, toylarda oynamır, evə getmir…” İndi isə artıq mən də eyni cümləni qururam: bizim vaxtımızda başqaydı, müəllimə hörmət də, sevgi də, istək də…
Lakin bu gün müəllimə qarşı təhqir, aşağılama, valideyn qarşısında nüfuzunun sarsıdılması, hətta məktəbin içində müəllimə əl qaldırılması faktları da var. Daha ağrılısı isə odur ki, müəllimə odlu silahdan atəş açan şagird də görürük…
Səbəblər çoxdur, bunu ailədə də axtarmaq olar, məktəbdə də, cəmiyyətdə də, sosial şəbəkələrdə formalaşan münasibətlərdə də. Etiraf edək, cəmiyyət dəyişib, münasibətlər dəyişib. Amma bütün hallarda bu gün müəllimə qarşı dəyişən yanaşma təəssüf doğurur. Çünki müəllimin nüfuzu itdiyi yerdə təkcə bir insanın deyil, bütöv bir peşənin, bütöv bir cəmiyyətin dəyəri itir. Biz övladımıza müəllimə hörmət etməyi öyrətmiriksə, sabah onun qarşısında dayanan həkimə, mühəndisə, jurnalistə, alimə və başqa peşə sahibinə hörmət gözləmək də çətin olacaq. Müəllimliyi gözdən salmaq əslində gələcəyi formalaşdıran insanın sözünü, əməyini və nüfuzunu gözdən salmaqdır. Və bəlkə də ən ağrılı sual budur: vaxtilə bizi nadanlıqdan qoruyan müəllimi bu gün kimdən qorumalıyıq?
Ləman İmran
Globalinfo.az