baki eas yeni

Prezident İlham Əliyev oktyabrın 2-də YAP-ın VIII Qurultayında çıxışı zamanı xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən resurslardan danışıb. O, bəzi resursların Azərbaycana qarşı təxribat məqsədi daşıdığını bildirib.

Sitat:

“Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır”.

Bəs xaricdə Azərbaycan dilində fəaliyyət göstərən media resurslarının məqsədi nədir və onların fəaliyyətində nələrə diqqət edilməlidir?

Globalinfo.az-a danışan deputat Səməd Seyidov deyib ki, Prezidentin çıxışı proqram xarakterli idi:

“Dünən qurultayda səsləndirilən fikirlər, mülahizələr əslində Azərbaycanın, regionun, hətta dünyanın ən əsas problemlərini və beynəlxalq münasibətləri əhatə edən bir çıxış kimi qiymətləndirilməlidir. Heç də təsadüfi deyil ki, bu çıxış çərçivəsində ideoloji təhlükələrə və ölkələrə, onların milli maraqlarına qarşı aparılan işlər haqqında söhbət açıldı. Xüsusilə də Azərbaycana qarşı aparılan işlərə. Ona görə ki, biz, cənab Prezidentin də dediyi kimi, daxildə faktiki olaraq bütün riskləri dəf etmişik. Daxildə heç bir ideoloji risk yoxdur”.

Deputat qeyd edib ki, xaricdən azərbaycançılıq ideyasına, xalqın birliyinə, gələcək ümidlərinə birbaşa müdaxilələr və təsirlər göz önündədir:

“Biz bunu gündəlik həyatımızda, özü də müasir texnologiyalardan istifadə prosesində – internetdə, sosial şəbəkələrdə, süni intellektdə və sair sahələrdə hiss edirik. Ona görə bu təhlükələri ciddi şəkildə nəzərə almalıyıq.

semed seyidov 900x675 1

Səməd Seyidov

Xüsusilə Azərbaycan dilində xaricdə yaradılan media resurslarına və onların kontentinə nəzər salmaq lazımdır. Onlar nə haqda danışırlar, hansı məsələləri müzakirə edirlər? Onlar Azərbaycanın milli maraqlarına müdaxilə edirlər, yoxsa demokratiya, insan haqları, qanunun aliliyi adı altında faktiki olaraq cəmiyyətin daxilində parçalanma, azərbaycançılıq ideyasına xəyanət və ümumi şəkildə ideoloji təxribatla məşğul olurlar? Bu, çox ciddi məsələdir”.

S.Seyidov deyib ki, biz bunu 30 il ərzində çox gözəl görmüşük, öz ölkəmizdə, öz üzərimizdə hiss etmişik:

“Cənab Prezident bunu açıq şəkildə bəyan etdi. Biz artıq o səviyyədə olan bir ölkə deyilik ki, passiv şəkildə bu məsələləri qəbul edək. Qarşı tərəfdən hər hansı ideoloji təxribat həyata keçiriləcəksə, Azərbaycan artıq buna cavab verməyə tam qadirdir. Bunun üçün qat-qat daha möhkəm və daha məntiqli addımlar atılacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: