“Flydubai”nin ikinci pilotunun Təl-Əvivə uçuş zamanı təyyarəni ələ keçirərək Ben-Qurion hava limanının terminalına çırpmaq niyyətində olduğu bildirilir. Aviasiya tarixində buna bənzər faciələr daha əvvəl də baş verib. 24 mart 2015-ci ildə Almaniyanın “Germanwings” aviaşirkətinə məxsus Airbus A320 təyyarəsinin ikinci pilotu Andreas Lubitz hava gəmisini qəsdən Alp dağlarına çırpmışdı. Nəticədə təyyarədə olan 150 nəfərin hamısı həlak olmuşdu.
2015-ci il faciəsindən sonra pilotların psixoloji vəziyyətinin qiymətləndirilməsi məsələsi gündəmə gəlib.
Bəs pilotların uçuş zamanı bu cür davranışlarının qarşısını əvvəlcədən almaq mümkündürmü? 2015-ci il hadisəsindən sonra tətbiq edilən psixoloji qiymətləndirmələr hazırda da davam etdirilirmi?
Globalinfo.az-a danışan “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Ədalət Əliyev deyib ki, belə hadisələr bir daha pilotların fəaliyyətinə nəzarət etmək üçün müvafiq tibbi komissiyaların mövcudluğunun vacibliyini ortaya qoyur:
“Azərbaycanda da aviasiya sahəsində uçuş-ekspert tibbi komissiyası fəaliyyət göstərirdi. Mən özüm də dörd dəfə tibbi müayinədən keçmişəm. Həmin müayinələr zamanı bir çox psixoloji məqamlar da nəzərə alınırdı. Buna görə də məsələ çox ciddidir. Pilotların seçilməsi, onların ixtisaslı mütəxəssis kimi hazırlanması, tibbi müayinədən keçirilməsi və hərtərəfli yoxlanılması olduqca vacibdir. Çünki bu müayinələr gələcəkdə onların hansısa təhlükəli addım atmaq ehtimalını da müəyyənləşdirməyə imkan verir. Təəssüf ki, Azərbaycanda uçuş-ekspert tibbi komissiyasının ləğv edildiyi bildirilir”.
Sabiq rəhbər qeyd edib ki, aviasiya təbabəti ayrıca elmdir:
“Bu elmin prinsipləri əsasında uçuş heyətinin, xüsusilə də pilotların tibbi müayinəsi və peşəyə yararlılığının müəyyənləşdirilməsi həyata keçirilirdi. Əvvəllər tibbi-ekspert komissiyası gələcək təyyarəçiləri hərtərəfli yoxlayır, onların peşəyə uyğun olub-olmadığını müəyyənləşdirirdi. Əgər namizədin pilotluğa yararlı olmadığı müəyyən edilirdisə, bunun səbəbləri ona izah olunurdu. Bundan sonra həmin şəxslər digər sahələr üzrə təhsillərini davam etdirə bilirdilər”.
Ədalət Əliyev bildirib ki, əvvəllər pilotların sağlamlıq vəziyyəti hərtərəfli araşdırılırdı:
“Onların fiziki göstəriciləri, onurğa sütunu və digər sağlamlıq parametrləri yoxlanılır, mütəmadi və ciddi tibbi nəzarət həyata keçirilirdi. Pilotların psixoloji vəziyyəti də diqqətdə saxlanılırdı. Tibbi nəzarət sisteminin zəifləməsi və ya aradan qalxması pilotların fiziki və psixoloji vəziyyətində yarana biləcək problemlərin vaxtında aşkarlanmaması ilə nəticələnə bilər. Bu isə təkcə pilotun özü üçün deyil, sərnişinlərin və digər insanların həyatı üçün də təhlükə yaradan amildir. Buna görə də aviasiya sahəsində tibbi nəzarət sistemi ciddi şəkildə bərpa edilməli və fəaliyyətinə xüsusi diqqət yetirilməlidir”.
Zaira Akifqızı
Globalinfo.az