İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında ölkəmiz əleyhinə aksiyanın keçirilməsi bir sıra suallar doğurub. ÖZGÜR-DER dərnəyinin təşkil etdiyi aksiyada Azərbaycan məktəblərində yeni geyim qaydalarına etiraz edilib.
Lakin aksiyanın məzmunu və onun İran mediasında geniş şəkildə işıqlandırılması bu prosesin arxasında Tehranın dayandığı ilə bağlı iddiaları gündəmə gətirib.
Bəs İstanbulda keçirilən aksiya həqiqətən yalnız dini motivli etirazdır, yoxsa İranın Azərbaycana qarşı uzun müddətdir apardığı informasiya mübarizəsinin Türkiyə üzərindən yeni mərhələsidir?
Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin pozulması, iki qardaş ölkə, strateji müttəfiqlər arasında gərginliyin yaşanması İrandakı mühafizəkar qrupların çoxdankı arzusudur:
“Bu gün heç kəsə sirr deyil ki, Türkiyənin özündə İrana bağlı qruplar var. Bunu Türkiyə hakimiyyəti də yaxşı bilir. Bu qruplar zaman-zaman Azərbaycana qarşı müxtəlif yürüşlər keçirir, radikal addımlar atmağa çalışırlar.
Azərbaycan konsulluğu qarşısında ÖZGÜR-DER-in keçirdiyi aksiya da bu qəbildəndir. Sözügedən qrup İranla əlaqəlidir. Önəmli olan Türkiyə cəmiyyəti və hakimiyyətinin bu cür təxribatlara uymamasıdır. Çünki boşluq buraxılarsa, koordinasiya zəifləyərsə, bu cür qruplar Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq və tərəfdaşlığa qarşı daha güclü təxribatlar həyata keçirə bilər”.
Turan Rzayev
Globalinfo.az