İranın neft naziri Möhsün Paknejad istefa verib. Məlumata görə, onun istefasını qəbul edən Prezident Məsud Pezeşkian İranın neft şirkətinin rəhbəri Həmid Bordu neft naziri vəzifəsinin müvəqqəti icraçısı təyin edib.
Tehranda nə baş verir? Bu gözlənilməz istefanın səbəbi nədir?
Globalinfo.az-a danışan politoloq Ülviyyə Zülfiqar deyib ki, İranın neft naziri Möhsün Paknejadın istefası ilk baxışdan qəfil qərar təsiri bağışlasa da, gələn məlumatlar məsələnin bir gündə yaranmadığını göstərir:
“İran istefanı “şəxsi səbəblər”lə izah edir və bildirir ki, Paknejad hələ bir müddət əvvəl vəzifədən getmək istəyib, lakin Prezident Məsud Pezeşkian həmin vaxt onun müraciətini qəbul etməyib. Hökumət sözçüsü də istefa məsələsinin əvvəldən gündəmdə olduğunu təsdiqləyib. Deməli, söhbət qəfil verilmiş qərardan daha çox, bir müddətdir hökumət daxilində müzakirə olunan dəyişikliyin indi rəsmiləşdirilməsindən gedir.
Ancaq burada əsas sual məhz qərarın niyə indi verilməsidir. Çünki İran neft sektoru hazırda ölkə iqtisadiyyatının ən həssas nöqtələrindən birinə çevrilib. ABŞ-ın İranın neft gəlirlərini və ixrac imkanlarını maksimum məhdudlaşdırmağa yönəlmiş təzyiqi güclənib, sanksiyalarla yanaşı, dəniz daşımaları və İran limanları üzərində təzyiq də artıb. ABŞ tərəfi hətta sentyabrda İranın tankerlərə xam neft yükləməsinin dayanması barədə iddia irəli sürüb. İran bu mənzərəni eyni şəkildə təqdim etməsə də, aydındır ki, neft ixracının fasiləsiz saxlanılması əvvəlkindən qat-qat mürəkkəb və siyasi baxımdan daha həssas məsələyə çevrilib”.
Politoloq bildirib ki, Həmid Bordun müvəqqəti nazir seçilməsi də təsadüfi görünmür:
“O, kənardan gətirilən siyasi fiqur deyil, İran Milli Neft Şirkətinin rəhbəridir və uzun illər neft sektorunda çalışıb. Belə bir şəraitdə Pezeşkian hökumətinin məhz sektorun içindən gələn texnokratı nazirliyin başına gətirməsi onu göstərir ki, Tehran hazırda Neft Nazirliyində uzunmüddətli siyasi eksperimentdən çox operativ idarəetməyə üstünlük verir. Başqa sözlə, əsas məqsəd neft hasilatı, ixrac marşrutları və gəlirlərin mümkün qədər qorunmasıdır. Çünki neft sektorunda yaranacaq ciddi problem artıq təkcə iqtisadi məsələ deyil, birbaşa dövlət büdcəsinə və İranın xarici siyasətdə manevr imkanlarına təsir edən məsələdir.
Ona görə də Paknejadın istefasını Tehranda böyük siyasi böhranın başlanğıcı kimi qiymətləndirməyə hələ əsas yoxdur. Amma bunu adi kadr dəyişikliyi hesab etmək də düzgün olmazdı. İranın əsas gəlir mənbəyinə cavabdeh nazirin ölkənin neft ixracının son dərəcə ciddi xarici təzyiqlə üzləşdiyi bir vaxtda postunu tərk etməsi siyasi baxımdan əhəmiyyətli siqnaldır. Görünən odur ki, Pezeşkian administrasiyası getdikcə ağırlaşan iqtisadi və geosiyasi şəraitdə enerji sektorunun idarəçiliyini yenidən qurmağa çalışır. Yaxın dövrdə Bordun atacağı addımlar və Paknejadın yerinə daimi nazir postuna kimin irəli sürülməsi istefanın həqiqətən şəxsi səbəblərlə bağlı olduğunu, yoxsa Tehranda daha geniş hökumət dəyişikliyinin başlanğıcı olduğunu daha aydın göstərəcək”.
Turan Rzayev
Globalinfo.az
