Bu, humanizm və ədalətin təzahürüdür – Vəkildən əfv açıqlaması

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Əfv sərəncamı 154 nəfərə şamil edilib.

Mövzunu Globalinfo.aza şərh edən Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı bildirib ki, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ölkəmizdə humanizmin və ədalətin təzahürüdür.

“Bu sərəncamın əhəmiyyəti çox böyükdür. Çünki 154 nəfərin həyatına yeni bir başlanğıc vermiş oldu. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi, 52 nəfərin cəzasının yarıyadək azaldılması və azadlığın məhdudlaşdırılması və islah işləri cəzasına məhkum edilmiş şəxslərin azad edilməsi dövlətimizin humanist siyasətinin bariz nümunəsidir. Bu sərəncam eyni zamanda ailələrinə və yaxınlarına qovuşan məhkumlar üçün böyük sevinc mənbəyidir və onların cəmiyyətə yenidən inteqrasiya olunmalarına imkan yaradır”.

Anar Qasımlı qeyd edib ki, bu əfv sərəncamı həm də dövlətin vətəndaşların hüquq və azadlıqlarına verdiyi yüksək dəyərin göstəricisidir:

“Əfv olunan şəxslərin gələcəkdə cəmiyyətə fəal və müsbət töhfələr verməsi üçün bu addım onlara bir şans kimi dəyərləndirilməlidir. Bu, təkcə hüquqi bir akt deyil, eyni zamanda sosial ədalət və insanlığa hörmətin təzahürüdür. Biz, bu qərarı yüksək qiymətləndiririk və əfv olunan şəxslərin cəmiyyətə uğurla inteqrasiya olunması üçün dəstək göstərməyə hazırıq.”

Müşviq Tofiqoğlu
Globalinfo.az