Azərbaycan jurnalistlərinin VIII Qurultayı keçirildi – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin VIII Qurultayı keçirilib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardından Vətən Müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının keçmiş sədri, “Xalq qəzeti”nin direktoru Əflatun Amaşov Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi jurnalistikanın olduğunu diqqətə çatdırıb. Daha sonra Qurultay iştirakçılarının Prezidentə müraciəti şuranın sədr müavini Umud Rəhimoğlu tərəfindən səsləndirilib.

Müraciət yekunlaşdıqdan sonra Sədarət, Katiblik, Say və Mandat Komissiyalarının yaradılması üçün açıq səsvermə keçiririlib və komissiyaların üzvləri təsdiq edilib.

Səsvermədən sonra Qurultay öz işinə başlayıb.

Çıxış edən Mətbuat Şurasının hazırki sədri Əflatun Amaşov Şşuranın hesabatını diqqətə çatdırıb:

“Güclü dövlətin jurnalistikası da güclü olur. Dövlətin gücləndirilməsi yolunda jurnalistikanın rolu böyükdür. Cənab Prezindetin Azərbaycan jurnalistikasına qayğı və diqqəti də bunun bariz göstəricisidir. Bu diqqət və qayğıya görə, həm öz adımdan, həm də Mətbuat Şurası və jurnalistlər adından Cənab Prezidentə təşəkkürümü bildirirəm”.

Ardından Mətbuat Şurasının Nəzarət-Təftiş komissiyasının sədri Tahir Rüstəmov hesabatı oxuyub. Ümumilikdə əvvəlki qurultaydan bu yana 31, şikayətlər üzrə isə 63 iclas keçirildiyini deyən Tahir Rüstəmov komissiyanın işini məhsuldar qiymətləndirib:

“Bu illər ərzində komissiyamız işini yüksək səviyyədə həyata keçirib”.

“APA Holding” MMC-nin prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı Mətbuat Şurasının ümumi fəaliyyəti barədə fikirlərini bölüşüb:

“Mətbuat Şurasının fəaliyyəti hər zaman Azərbaycan mediasının həm təqdiri, həm də tənqidi altında olub. Təbii ki, iş varsa, orada tənqid də olacaq. Və hesab edənlər olacaq ki, onlar bu missiyanı daha yaxşı yerinə yetirə bilərlər. Fikirlər həmişə qəbulolunandır və dinlənmək üçündür. Mən hesab edirəm ki, Mətbuat Şurası ötən müddət ərzində üzərinə qoyulan, götürdüyü missiyanın əksəriyyətini yerinə yetirə bilib”.

Vüsalə Mahirqızı Mətbuat Şurasının hazırki sədri Əflatun Amaşovun xidmətlərini yüksək qiymətləndirib:

“Ötən dövr ərzində Mətbuat Şurası onlarla, bəlkə, yüzlərlə məsələləri medianın böyük müzakirəsinə çıxarmadan, böyük qalmaqala yol vermədən bunu həll edib. Şəxsən bu işlərin bir neçəsində özüm də vasitəçi kimi çıxış etmişəm. Elə son bir neçə ayda elə məsələlər var ki, bizim həmkarlarımızı ciddi sanksiyalar, böyük cərimələr gözləyə bilərdi. Amma Mətbuat Şurası barışdırıcı missiyalarla iştirak edib. Burada xüsusi olaraq, sədrliyə namizədliyini verməyən Əflatun müəllimin (-red. Əflatun Amaşov) rolunu qeyd etmək istəyirəm. Son bir neçə dəfə də özümün iştirak etdiyim proseslərdə, istənilən məsələdə, hətta jurnalistlərin şəxsi məsələlərində də Əflatun müəllimin jurnalistləri dəstəklədiyini görmüşəm”.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Tapdıq Abbas yeni seçiləcək tərkib və idarə heyətinə uğurlar arzulayıb:

“Yeni idarə heyətində gənc kadrlara üstünlük veriləcəyini və onların işlərinin öhdəsindən layiqincə gələcəyinə ümid edirəm”.

Əməkdar jurnalist Azər Həsrət bəzən mətbuat haqqında yersiz fikirlər səsləndirənləri ədalətli olmağa çağırıb:

“Azərbaycan mətbuatı bəzən ümumiləşdirilərək arqumentsiz tənqidlər məruz qalır. Mən buradan həmin şəxslərə səslənir, onları ədalətli olmağa, şuranın nizamnaməsini diqqətdə saxlamağı tövsiyyə edirəm”.

Jurnalist Fərid Şahbaz Vətən Müharibəsi dövründə ölkə mediasının işini yüksək qiymətləndirib:

“44 günlük müharibə dövründə də Azərbaycan mətbuatı lazımi səviyyədə təbliğat və təşfiqat işini gördü. Bu gün də eyni proses yüksək səviyyədə davam etdirilir”.

Jurnalist Aqil Ələsgər şuranın işinin yalnız birlik olduğu halda irəliləyəcəyini qeyd edib:

“Hesab edirəm ki, bu gün cəmiyyətdə Mətbuat Şurası haqqında hansısa iradlar varsa, bu iradları birlikdə aradan qaldırmalı, birlikdə öhdəsindən gəlməliyik”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bugünkü qurultayın özəl olduğuna diqqət çəkib:

“İlk dəfədir ki, Azərbaycan Mətbuat Şurası özünün qurultayını qalib ölkənin mətbuatı kimi keçirir. Artıq 2 il olacaq ki, biz işğaldan azad olunmuş ərazilərdən xəbər yazırıq, qalib ölkə kimi çıxışlar edirik”.

Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, jurnalist Yadigar Məmmədli jurnalist təşkilatlarına səslənib:

“Mətbuat Şurasına digər jurnalist təşkilatları dəstək olmalı, inkişafı üçün təkan verməlidir. Bu baxımdan, Mətbuat Şurası yenilənməli, paralel iş aparacaq kadrlar diqqətdə saxlanılmalıdır. Təcrübəli jurnalistlərlə yanaşı, gənc və perspektivli kadrlara da yer verilməlidir”.

Jurnalist Taleh Şahsuvarlı jurnalistikamızın siyasi analtik sahəsinin ölkəmizdəki yüksək səviyyəsini vurğulayıb:

“Amma həm müharibə dövründə, həm də indinin özündə Ermənistanda bu sahənin necə axsaq olduğuna şahidlik etdik”.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Azərbaycan jurnalistikasında qazi jurnalistlərin də olduğunu bildirib:

“Onlara və onların timsalında bütün qazilərimizə can sağlığı arzu edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Mətbuat Şurasının üzvü, jurnalist Şəmsəddin Əliyev şuranın işi haqqında fikirlərini bölüşüb:

“Mətbuat Şurasının fəaliyyəti ilə bağlı nəyisə xüsusi qeyd eləməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Bu illər ərzində şura öz işini lazımi səviyyədə həyata keçirib”.

Milli Məclisin deputatı, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas ölkədəki qəzetçiliklə bağlı problemləri səsləndirib:

“Ümid edirəm ki, yeni seçilən idarə heyəti qəzetçiliklə bağlı yeni ideya və təkliflər irəli sürəcək, ən azından, bu sahəni sıxışdırmayacaq”.

Hesabat və çıxışlar bitdikdən sonra səsvermə başlayıb.

Mətbuat Şurasının Nizamnaməsinə və Jurnalistlərin Peşə Davranışları Qaydalarına dəyişiklər edilib.

Yekunda səsvermənin nəticələri açıqlanıb. Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

İdarə heyətinin üzvləri kimi Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib.

Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq olunub.

Bununla da, qurultay öz işini başa vurub.

***15:14

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:

1. Rəşad Məcid

2. Vüsalə Mahirqızı

3. Hacıbəy Heydərli

4. Rauf Arifoğlu

5. Alqış Musayev

6. Niyaz Niftiyev

7. Aydın Quliyev

8. Azər Həsrət

9. Elşad Eyvazlı

10. Aqil Ələsgər

11. Elçin Mirzəbəyli

12. Vüqar Rəhimzadə

13. Akif Aşırlı

14. Səadət Məmmədova

MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri aşağıdakılardır:

15. Əflatun Amaşov

16. Qulu Məhərrəmli

17. Vüqar Zifəroğlu

18. Bəhruz Məmmədzadə

19. Yadigar Məmmədli

20. Ceyhun Musaoğlu

21. Umud Mirzəyev

22. Müşfiq Ələsgərli

23. Fərid Pərdəşünas

X X X

Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul olunub.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, qətanamə layihəsini Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təqdim edib.

Layihə səsverməyə çxıarılaraq qəbul edilib.

Qətnamədə bir sıra məsələlərlə bağlı qeyd edilib ki, jurnalist adından suai-istifadə halları nəzarətdə saxlanılsın, regional medianın inkişaf etdilməsi ilə bağlı layihənin hazırlanması və müvafiq qurumlara təqdim olunması təmin olunsun.

***13:50

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada – Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.

***13:12

Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə yekun vurulub.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, artıq səsvermə başa çatıb:

“Hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib 1 saat ərzində elan olunacaq”.

***11:55

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.

Səsvermə başa çatandan yaxın müddət sonra səsvermənin nəticələri elan olunacaq.

***11:24

Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvlərinin gəncləşdirilməsi təklif edilir.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bu təkliflə jurnalist Tapdıq Abbas Azərbaycan jurnalistlərinin VIII qurultayında çıxış edib

O təklif edib ki, Mətbuat Şurasının İdarə Heyəti gəncləşdirilsin:

“Yeni tərkibə gənclər seçilməlidir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, MŞ tipində qurumlarda ağsaqqal tipli insanlar təmsil olunmalıdır:

“Burada həmçinin gənclər də təmsil olunmalıdır. Yenilər gəlsin, köhnələr qalsın demək düzgün deyil”.

Jurnalist Fərid Şahbazlı isə bildirib ki, Mətbuat Şurasında yeni ruha ehtiyac var: “İndiyədək Mətbuat Şurasının gördüyü işləri də yüksək qiymətləndirmək lazımdır. Zəfər çalan ölkənin yeni çağırışlara cavab verən Mətbuat Şurası olmalıdır”.

“Müsavat” Media Qrupun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu çıxışında MŞ-nin yenilənməli olduğunu qeyd edib:

“İndi informasiya məkanını Mətbuat Şurası idarə etmir. Elə yenilənmə aparılmalıdır ki, Mətbuat Şurası olaraq informasiya məkanına daxil ola bilək. Gəncliyə yer vermək lazımdır. Mən də İdarə Heyətinin üzvü olaraq yerimi gəncliyə verməyə hazıram”.

***10:54

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər təklif edilir.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bununla bağlı məsələ Azərbaycan jurnalsitlərinin VIII qurultayının gündəliyinə daxil edilib.

Təklif olunan dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.

Nizamnamənin hazırkı variantı isə belədir: “İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi və 6 ehtiyat üzvdən ibarətdir. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər. Həqiqi üzvlərin 11-i jurnalistika, 7-si ictimaiyyətin, 5-i internet portalların nümayəndəsi, ehtiyat üzvlərin isə 2-si jurnalistika, 2-si ictimaiyyətin, 2-si internet portalların nümayəndəsi olmalıdır”.

***10:23

Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

3 nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin 7 nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə 9-a çatdırılıb.

***10:04

Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.

Daha sonra isə hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

***09:00

Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək.

Globalinfo.az bildirir ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.