Ermənistanın vaz keçə bilmədiyi kəndimiz: oranı önəmli edən fakt – FOTOLAR

Qazaxın işğal altındakı 7 kəndindən 4-nün (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) sülh yolu ilə, bir güllə atılmadan qaytarılmasından sonra Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, həmçinin danışıqlar prosesi sürətlənib. Digər 4 anklav kəndlə bağlı zaman-zaman müzakirələr olsa da, ekspertlər coğrafi reallıq baxımdan bu ərazilərin həlli üçün zaman lazım olduğunu bildirirlər.

Müzakirələrdə xüsusən Yuxarı Əskipara kəndinin adı çəkilir və erməni tərəfi məhz bu ərazinin Azərbaycana qaytarılmasının riskli olacağını iddia edir.

Maraqlıdır, anklavlarla bağlı ictimai müzakirələrin düyün nöqtəsi olan Yuxarı Əskipara niyə bu qədər önəmlidir?

Globalinfo.az Yuxarı Əskipara kəndi haqda yazını təqdim edir:

Yuxarı Əskiparanın əvvəlki adı Əskipara olub. Əskipara Azərbaycan dilindəki əski (köhnə, qədim) və para (hissə, yer, kənd) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır. Azərbaycanın Ermənistan ərazisindəki eksklavların biridir. Dağətəyi ərazidədir. Kəndin dörd tərəfi dağlarla əhatə olunub, meşəliklə örtülüdür, çoxlu mineral bulaqları var.

Ermənistanın işğalı nəticəsində bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılıb. Yuxarı Əskipara kəndində Alban məbədi, Qulucanlı körpüsü, XII əsrə aid yeraltı su kəməri, Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları və s. buna daxildir.

1914-cü il statistikasına əsasən, kənddə əksəriyyəti azərbaycanlı olan 278 nəfər məskunlaşıb.

Yuxarı Əskipara kəndi işğal olunmazdan əvvəl kəndin təsərrüfat sayı 145, əhali sayı isə 450 nəfər (210 nəfər kişi, 240 nəfər qadın) təşkil edib. Hazırda Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Əskipara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 185 təsərrüfat var. Əhali sayı isə 702 nəfərdir.

Kəndin 7 nəfər şəhidi, 10 nəfər Qarabağ müharibəsi əlili və 39 nəfər Qarabağ müharibəsi veteranı var.

Kənd 8 iyun 1992-cı ildən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Kənd sakinləri əsasən Qazax şəhəri ərazisində, Qazax ətrafı kəndlərdə, o cümlədən Xanlıqlar, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə məskunlaşıblar.

Azərbaycanın mərhum şairi Şaiq Vəli 1950-ci ildə Qazaxın Yuxarı Əskipara kəndində anadan olub.

Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsi Yuxarı Əskipara kəndinin yaxınlığından keçdiyi üçün Ermənistanda bu ərazinin təhvil verilməsinə qarşı çıxılır.

Safura Bənnayeva
Globalinfo.az