bayden 900x600 2

İrlandiyada etirazçılar ABŞ-ın keçmiş prezidenti Co Bayden və ailə üzvlərinin üzərinə süd paketləri atıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə siyasətçinin noyabrın 10-da Dublində yerləşən Triniti Kollecinə səfəri zamanı baş verib.

“Bayden oğlu Hanter Baydenə kollecin Tarix Cəmiyyətinin ictimai müzakirələrə verdiyi töhfəyə görə qızıl medalının təqdim olunduğu mükafatlandırma mərasiminə qatılıb. Fələstin tərəfdarı olan etirazçılar təhsil müəssisəsinin qarşısına toplaşıb, Bayden və yaxınları avtomobil karvanına doğru hərəkət edərkən onların üzərinə süd və digər əşyalar atmağa başlayıblar”, – deyə qeyd edilib.

Nəşrin məlumatına görə, aksiya zamanı etirazçılar “Əlləriniz qan içindədir”, “Sizə ar olsun” və “Soyqırımçı Co” şüarları səsləndiriblər.

Təhlükəsizlik əməkdaşları operativ şəkildə çətirlərlə Baydeni və ailə üzvlərini qoruyaraq onları avtomobilə mindiriblər.

Etiraz yerində hüquq-mühafizə orqanlarının əməkdaşları da olub. Nəticədə ən azı iki nəfərə bibər qazı sıxılıb və onlar saxlanılıb.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden həyat yoldaşı Cil və oğlu Hanterlə birlikdə İrlandiyaya səfər etmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: